Onların vəhhabi olduğu və terror təşkilatına qoşulmaq üçün aparıldığı bildirilir
Azərbaycan Servisi/Aran Agentliyi
“Bakının Yeni Günəşli qəsəbəsinin üç gənc sakini 5 gün öncə yoxa çıxıb. Onların vəhhabi olduğu və ”Taliban" hərəkatına qoşulmaq üçün aparıldığı bildirilir". Bu şok məlumat redaksiyamıza həmin gənclərdən birinin yaxınları tərəfindən verilib. Əldə etdiyimiz məlumatlara görə, bu üç gəncin öncə Tehrana getdiyi bildirilir. Onlardan yalnız birinin adını öyrənmək mümkün olub. Bu, 22 yaşlı Nicat Cəfərovdur. Onun son zamanlar vəhhabilərlə sıx münasibətlərinin olduğu söylənir. Mənbəmizin verdiyi məlumatda deyilir ki, gənclərin Bakı avtovağzalından İrana bilet aldıqlarını və Azərbaycanı avtobusla tərk etdiklərini müəyyənləşdirmək mümkün olub.
Yayılan məlumatlara görə, gənclərin İrandan keçməklə Əfqanıstana gedərək “Taliban” terror təşkilatına qoşulacağı bildirilir. Tehrana getməyə hazırlaşan gənclərin sayı öncə 5 olub. Lakin avtovağzalda olarkən onlardan ikisi getməkdən son anda vaz keçib: “Səhərisi gün isə Nicat Cəfərov qardaşına ismarış göndərib. Deyib ki, yaxınları onu bağışlasa, onlarla əlaqə saxlayacaq”.
Məlumatda o da deyilir ki, artıq Nicat Cəfərovun valideynləri onun qaçırılması haqqında hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hətta gənc haqqında beynəlxalq axtarışın elan olunması da gözlənilir.
Bu məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq istəsək də cəhdlərimiz müsbət nəticələnmədi.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında qalan 8 tələbə də müəmmalı şəkildə yoxa çıxmışdı. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olmuşdu ki, itkin düşən tələbələrdən 5-i Bakı Dövlət Universitetinin, 3-ü isə ADNA-nın tələbələridir. Yoxa çıxan tələbələrin valideynləri də bu haqda məlumatlandırılmışdı. Sonradan o gənclərin İrandan keçərək Suriyaya aparıldığı və hansısa terror təşkilatlarından birinə qoşulacağı barədə məlumat yayılmışdı. Amma bu günə kimi o 8 gəncin harada olduğu barədə məlumat yoxdur. Mövzuya qayıdacağıq.