İİR Servisi/Aran Agentliyi
İyunun 9-u Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) İrana qarşı yeni sanksiyaların tətbiqi haqqında qərar qəbul edildi. Bu qərardan sonra dünyanın gündəmi dəyişərək, bütün nəzərlər bir anlıq İrana və bu qərarı dəstəkləyən və ya dəstəkləməyən dövlətlərə çevrildi. Lakin qərarın nədən ibarət olmasından və İranın TŞ-nin bu qərarına hansı cavabı verəcəyindən daha çox gündəmi Türkiyə və Braziliyanın qərarın əleyhinə səsverməsi daha çox məşğul etdi. Türkiyənin sanksiyalarla bağlı mövqeyini bir az sonra qeyd edəcəyik. Amma əvəlcə bu qərarın mahiyyətinin nədən ibarət olduğunu və İranın mövqeyini nəzərlərinizə çatdıraq.
Öncəliklə onu qeyd edəki ki, TŞ-nin bu məlum qərarı nüvə fəaliyyətlərinə görə İrana qarşı tətbiq edilən ilk sanksiya deyil. Bundan öncədə TŞ İrana qarşı 3 sanksiya qərarı qəbul edib.
İlk belə sanksiya qərarı BMT Təhlükəsizlik Şurası tərəfindən 2006-cı ilin dekabırında çıxarılmışdı. 1737 saylı qərarda İranla "Həssas nüvə vəsaitləri və mütəxəsislərin" idxal-ixracatı qadağan edilmiş, İranın nüvə fəaliyyətləriylə əlaqələri güman edilən adam və təşkilatların mal varlıqları dondurulmuş və İranın nüvə proqramında hər hansı bir şəkildə iştirak edəcək texnologiyanın satışına qadağa tətbiq edilmişdi. Ancaq bu sanksiya qərarının çox da təsiri olmamışdı.
Təhlükəsizlik Şurasının ikinci 1747 saylı sanksiya qərarı isə 2007-ci ilin martında qəbul edilmişdi. Bu qərara əsasən İrana silah idxalı qadağan edilmiş, mal varlığı dondurma tətbiqi genişlədilərək dövlətə aid olan Sepah Bankı və İnqilab Keşikçilərinə bağlı firmalar da daxil edilmişdi. Bu qanunun da çox təsirli olduğu deyilə bilməz.
Üçüncü BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiya qərarı 2008-ci ilin martında alınmışdı. 1803 saylı 3-cü sanksiya qanununu qəbul etməsi ilə sanksiyalar bir az da genişləndirilmiş və əvvəlki iki qanuna əlavə olaraq İran banklarının əməliyyatları nəzarət altına alınmış və Nüvə proqramıyla əlaqəli şəxslər və təşkilatlara yönəlmiş mal varlığı dondurma və səfərlərin məhdudlaşdırması tətbiqi genişlədilmişdi. Ancaq bu qərarlar da çox təsirli olmamışdı.
İndi isə alınan dördüncü qərar qanunu ilə İrana yönələn ən sərt tədbirlərin alınması nəzərdə tutulmaqdadır. Yeni qanunda İrana yönələn maliyyə məhdudlaşdırmaların daha da möhkəmləndirilməsini, səfərlərin qadağan edilməsi və yoxlamaların artırılmasını nəzərdə tutulmaqdadır. Qərarın əsas hədəfi BMT-nin silah embarqosunu olduqca genişləndirmək, İranın nüvə proqramıyla əlaqədar olan İran banklarına yönələn sərt yoxlama və sanksiyalar tətbiq etmək, beynəlxalq sahədə bütün İran banklarıyla olan maliyyə əməliyyatlarının möhkəm yoxlamaya məruz qoymaqdır. Bundan başqa İrana gedən və İrandan gələn gəmilərin qadağan edilən yük daşımaları istiqamətinə ciddi şübhə yaranması vəziyyətində açıq beynəlxalq sularda yoxlanılması da nəzərdə tutulur. Maliyyə və səfər məhdudiyyətləri tətbiq ediləcək şəxs və qruplara 40 ad daha əlavə olunmuş, eyni zamanda embarqo tətbiq olunacaq firmaların sayı da artırılmışdır. Bu çərçivədə məhdudiyyətlər tətbiq edilən şirkətlərdən 23 sənaye firmasının İranın nüvə və balistik raket proqramı, digər 15-nin İslam İnqilab Keşikçiləri adına əməliyyat reallaşdırmaqdadır.
Rusiya və Çin İranı nəyə satdı?
BMT-nin Təhlükəsizlik Şurasında 5 daimi üzvün təqdim edilən qərara səs verməsi vacib idi. Əks halda qərar qəbul olunmaya bilərdi. Bunun üçün narazı Rusiya və Çin razılıq verməliydi. ABŞ Rusiyanı razı salmaq üçün Ukraniya və Qırğızıstan barəsində güzəştə getdi, habelə raketlərdən müdafiə sistemləri barəsində müəyyən güzəştlərə gedəcəyini bildirdi. Beləcə Rusiya İranın açıq-aşkar alverini etdi.
Qalırdı bircə Çin. Məlum olduğu kimi Çin neft sarıdan İrandan müəyyən dərəcədə asılı vəziyyətdədir. Çin neftə təlabatının 30 %-ni İran vasitəsilə ödəyir. ABŞ Ərəb ölkələrinin neftindən xüsusən, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdən Çinə münasib qiymətə neft verəcəyini bildirərək Çini də bazarlıq masası ətrafında ələ ala bildi. Beləcə, İrana qarşı sanksiyalara veto qoymaq imkanları olan hər iki dövlət neytrallaşdırıldı.
Sanksiyalar İranı geri addım atmağa məcbur edəcəkimi?
Bu suala birmənalı şəkildə cavab olaraq bildirmək olar ki, əsala yox. Çünki İran bu sanksiyadan əvvəlki 3 sanksiyada elə də ciddi təsirlənməmişdir. Əksinə beynəlxalq güclərin bu addımları İranı tutduğu mövqedə daha da sərtləşməsinə səbəb olmuşdur. İranın sanksiyaların təsirindən zəifləyərək nüvə proqramından imtina edəcəyini gözləyənlər bir daha yanılacaqlar. 2006-cı ildən tətbiq edilən sanksiyalardan İslam ölkəsi nəinki zəifləmiş, nüvə proqramlarını daha da sürətləndirmişdir. Bu dəfə də elə olacaq. Bu fikri qərara münasibət bildirən prezident Əhmədinejadın açıqlamaları da təsdiq edir. İran prezidenti “Bu qərarı istifadə edilmiş salfetka kimi zibil yeşiyinə atın” deyərək ölkəsinin qəti mövqeyini dərhal bəyan etmişdir.
Açıqlamadan görünür ki, İran nüvə məsələsində bir addım da geri çəklimək fikrində deyil. Bəs nə olacaq? Çox güman ki, sanksiyalar müəyyən müddətə nüvə fəaliyyətlərini ləngidəcək. Lakin İranın uranı zənginləşdirmə planlarını əsla dayandırmayacaq.
Müharibə gündəmə gələ bilərmi?
Bu gün İrana qarşı yürüdülən psixoloji-assimetrik təzyiq siyasətinin əsas silahlarından biri də müharibədir. Lakin İran həm dövlət, həm də xalq olaraq bu təzyiq siyasətinə hazırlıqlı vəziyyətdədir. 1979-cu il İslam İnqilabından bu yana iranlılar bu təzyiq siyasətilə paralel həyat yolu keçiblər. Bu səbəbdən İranı müharibə ilə qorxutmaq asan məsələ deyil. Zatən İran yaxşı başa düşür ki, əgər müharibə hədələri doğru və nəticə verə biləcək bir addım olsaydı, onda bu hədələri yağdıranlar bir an belə tərəddüd etmədən İrana hücum edərdilər. Lakin İrana hərbi müdaxilə etmək variantı sonu görünməyən bir bataqlıqdır və ondan çıxış yolları heç kəsə məlum deyil. Heç də təsadüfü deyil ki, Qərbin gizli “müharibə otaqlarında” İrana müharibə planı müzakirə edilərkən mütəxəsisləri aciz edən bir mühüm məsələ var: Görəsən İrana hərbi əməliyyatlar keçirtdiyimiz zaman İranın cavab zərbəsi nə ola bilər? Bax bu sual müharibə strateqlərini dərin düşündürən və cavablandırılmayan əsas sualdır.
Doğurdan da belədir. Qərb mətbuatında mütəmadi olaraq İranın nüvə obyektlərinə zərbə endirmək planlarının olduğu haqqda informasiyalar gedir. Amma İranın cavab zərbəsinə gəldikdə isə böyük çaşqınlıq hiss edilir.
İranın cavab zərbəsi-bu başqa bir mövzunun müzakirə predimetidir. Amma hələlik onu bildirmək olar ki, nüvə obyektlərinə hərbi müdaxilə Qərbin başdan-başa risk dolu məcarasıdır. Bu gün isə Qərbə riskli məcara gərək deyil.
Türkiyənin sanksiya qərarına gözlənilən və gözlənilməyən mövqeyi
Bildiyimiz kimi Türkiyə BMT Təhlükəsizlik Şurasının sanksiya qəararına Braziliya ilə birlikdə qarşı çıxan iki ölkədən biridir. Türkiyənin bu mövqeyi gözlənilən idi. Nəzərə alsaq ki, İranın Qərblə olan nüvə problemini sülh və ədalətli yolla çözmək üçün Türkiyə Braziliya ilə birlikdə böyük diplomatik həmlələr edirdi. Nəticədə Tehranda nüvə mübadiləsinə dair müqavilə imzalandı. Əldə edilən müqavilə Türkiyənin beynəlxalq aləmdə böyük zəfəri kimi qiymətləndirilirdi. Əlbəttə İranla bu razılaşmadan sonra sanksiyaların lehinə səs verəcəyini Türkiyədən gözləmək sadəlöhvlük olardı. Və elə də oldu. Türkiyə sanksiyaların düzgün addım olmadığını vurğulayaraq mayın 17-i əldə edilən razılaşmanın arxasında olduğunu bir daha nümayş etdirdi. Bu Türkiyə tərəfindən TŞ-nin qərarına gözlənilən mövqeyi idi.
Bəs Türkiyənin gözlənilməyən mövqeyi hansıdır?
Qeyd edək ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ərtuğrul Apakanın qərarın əleyhinə səs verməsi ölkə daxilində və eləcə də dünyada böyük rezonans doğurdu. Qərarın əleyhinə səs vermək Türkiyədən gözlənilməyən addım idi.
Səsvermədən öncə bir sıra ekspertlər tərəfindən Türkiyənin ABŞ-ın lehinə səs verəcəyi qəraın əleyhinə çıxmayacsağı proqnozlaşdırılırdı. Yəni Türkiyə ABŞ-la olan strateji partnyorluğunu əsas götürərək qərara müxaliflik etməyəcəkdir. Amma gözlənilənlərin əksinə gözlənilməz hadisə oldu.
Dərhal ölkə daxili bəzi qüvvələr xaricin dəstəyilə hərəkətə keçdi. “Türkiyə ABŞ-ın əleyhinə çıxdı”, “Türkiyə ABŞ-la olan müttəfiqliyini itirdi”, “Türkiyə strateji tərəfdaş kimi İranı seçdi”, “Türkiyə özünü təhlükəli bir oyuna saldı”, “Türkiyə diplomatiyası məğlub oldu” və s. kimi absurd, qızışdırıcı fikirlər mətbuatda yer almağa başladı.
Amma Türkiyə hökumətinin rəsmi cavabı çox gecikmədi: “Biz hökumət olaraq inandığımız və doğru bildiyimiz dəyərlərin yanındayıq!” deyə açıqlama gəldi. Bu açıqlama Türkiyə diplomatiyasının qəralı və prinsipial olaraq addım atdığını sübut etdi.
Doğrusu Türkiyə haqqında illərdən bəri formalaşan bir fikir var ki, “ABŞ nə deyərsə Türkiyə də onu təsdiq edər”. Bu fikri isə Türkiyənin əvvəlki hökumətləri tərəfindən atılan addımlar formalaşdırıb. Amma Ərdoğan hökuməti artıq kimdənsə, hansısa ölkədənsə aslılığı deyil, müstəqil və ölkəsinin maraqlarına uyğun siyasət yürütməyi pirioritet olaraq seçdi. Haqqı dananların deyil, haqqın cərgəsində yer aldı. Bu mövqeyinə görə Türkiyəni təbrik etmək olar.
Xatırladaq ki, bu Ərdoğan hökumətinin ilk belə ciddi addımı deyil. Bundan bir neçə il öncə ABŞ qoşunlarının İraqı işğal ərəfəsində Türkiyə parlamenti 1 mart 2003-cü il qanun layihəsini rədd edərək, ABŞ-a İraqı işğal məqsədilə öz ərazilərindən istifadə etmək üçün dirsək göstərmişdir. O zaman da Türkiyə hökumətinin böyük səhv etdiyindən dəm vururdular. Amma zaman göstərdi ki, AKP hökuməti çox düzgün qərar çıxarmışdı. ABŞ hələ də İraq bataqlığından çıxa bilmir və hər gün günahsız insanlar tələf olur. Türkiyə bax bu səbəblərdən müharibəyə qoşulmamağı qərara almışdı.
Regionda yeni güc mərkəzi
Türkiyə öz mənafeyinə uyğun çıxartdığı müstəqil qərarlarla əmin addımlarla regionda güc olmağa doğru irəliləyir. Artıq Türkiyəni idarə edənlər cılız düşünərək kimlərinsə əlinə baxmağa möhtac deyil. Bunu 9 iyun tarixində BMT-nin TŞ-da 12 qalxan ələ qarşı bir tək əl qaldırmaqla sübut etdi.
İranla əməkdaşlıq Türkiyənin gücünə güc qata bilər. Yaxın və Orta Şərqin iki super dövlətinin ittifaqı regiona ancaq inkişaf və sülh vəd edir. Görünür bu ittifaq digər ölkələrdə qoşulacaq. Necə ki, İstanbulda baş tutan 3-cü “Türk-Ərəb Əməkdaşlığı Forumu”nda əldə olunan razılaşmalar da bunu təsdiq edir. Türkiyə, İordaniya, Suriya və Livan sərbəst ticarət anlaşmasına imza atdılar. Bu razılaşma regionda yeni güc mərkəzinin formalaşmasının ilk təzahürləridir.
İsraili qurtarma planı
Əslində İranla əldə olunan nüvə mübadiləsi müqaviləsi diplomatiyanın zəfərilə yanaşı, İsraili arzuolunmaz fakt qarşısında qoydu. Müqavilənin bağlanmasından sonra Ərdoğan növbənin İsrail olduğunu bildirdi və dünya birliyini İsrailin nüvə potensialını təftiş etməyə çağırdı. Ərdoğan “Biz regionda heç bir nüvə dövləti görmək istəmirik. İranla əldə edilən anlaşma onların belə bir planlarının olmadığını üzə çıxartdı. İndi növbə İsrailin müəmmalı nüvə arsenalının təftişindədir” deyə çağrış etdi.
Əgər əldə edilən razılaşmanı ABŞ başda olmaqla Qərb ölkələri qəbul etsəydi dərhal diqqətlər İsrailin nüvə potensialına yönələcəkdi. Halbuki bu belədə olmalıydı. Amma Qərb ölkələri yenidən böyük bir ədalətsizliyə yol verərək, İsraili beynəlxalq birliyin hədəfinə çevirməkdən qurtarmaq üçün fəaliyyətə keçdi. İranla nüvə məsələsində anlaşmayan Qərb İsrailin nüvə arsenalının təftişi prosesinə İrana qarşı tətbiq etdikləri embarqo ilə sədd çəkdilər.
İsrail hələlik bu dəfə də nüvə arsenalının təftişindən qurtula bildi. BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi sanksiya qərarı ilə. Bəzi ciddi ekspertlər İsrailin Qəzzaya humanitar yardım gəmilərinə qarşı mənfur əməliyyatlarının arxasında nüvə silahlarının təftişindən qurtuluş planının tərkib hissəsi olduğunu bildirirlər. Çünki baş verən hadisə Türkiyəyə bir xəbərdarlıq olmaqla yanaşı, dünyanın diqqətini əməliyyatlara cəlb etmək və beləcə nüvə məsələsini unutdurmaqdır.
Nüvə mübadiləsi razılaşmasının taleyi necə olacaq?
Hələlik həm İran, həm də Türkiyə və Braziliya müqavilənin arxasında durduqlarını bəyan edirlər. Amma sanksiyalar tətbiq edilərsə çox güman İran anlaşmanı haqlı olaraq yerinə yetirməkdən boyun qaçıracaq. Lakin belə bir razılaşma həyata keçməsə belə, İranın nüvə tədqiqatlarının şəffaflığını bir daha dünya birliyinə göstərmiş olacaq.
Türkiyəsiz sanksiyaların əhəmiyyəti çox azdır.
Əgər sanksiya bildirildiyi kimi sərt olsa belə Türkiyənin bu sanksiyalara qoşulmaması TŞ-nin aldığı qərarın təsirini əhəmiyyətli dərəcədə azaldacaq. Ən azından İran tətbiq edilən embarqoları Türkiyə vasitəsilə yaracaq. ABŞ-da anlayırlar ki, bu iş Türkiyəsiz olmaz. Ona görə də ABŞ-la Türkiyə münasibətlərinin ciddi zədələnəcəyini iddia edənlərin əksinə olaraq, qeyd etmək olar ki, ABŞ incə siyasətlə Türkiyəni bu və digər məsələdə incik salmamağa çalışacaq.
Sonda onu qeyd edək ki, indi İran İslam Respublikası daha bir sınaqla qarşı-qarşıyadır. Ancaq xaricdən İrana qarşı hər hansı bir təzyiq ölkə daxilində milli birlik yaratmaqla İslam ölkəsini möhkəmləndirməyə xidmət edəcək. İranın ən az 30 illik tarixi təcrübəsi bu fikri söyləməyə əsas verir.
Hakim Əlizadə,
“Yeni Şərq” Araşdırmalar Mərkəzinin Yaxın və Orta Şərq regionu üzrə eksperti