Azərbaycan Servisi/Aran Agentliyi
«Yevlaxda inanclılara qarşı təzyiqlərə son qoyulmasa, insan haqları müdafiəçiləri ilə oraya səfər edəcəyik»
Yevlaxda inanclı insanların rayon rəhbərliyinin göstərişinə əsasən təzyiqlərə məruz qaldığı barədə ötən sayımızda məlumat vermişdik. Qeyd edək ki, rayonda dindarların işdən qovulduğu, kommersiya obyektlərinin əllərindən alındığı, hicablı xanımların işə təhsil müəssisələrinə buraxılmadığı barədə yerli sakinlər mətbuat konfransı keçirmişdilər.
Dini Etiqad Və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, ölkənin regionlarında bundan əvvəl də bu kimi xoşagəlməz hadisələr baş verib. İ.İbrahimoğlunun fikrincə, yerlərdəki məmurlar özlərini kiçik padşah hesab edirlər və hər bir addımın onların icazəsi əsasında atılmasını istəyirlər: “Hesab edirlər ki, rəhbərlik etdikləri bölgə onların ərazisidir və orada az qala nəfəs almaq da onların icazəsi ilə olmalıdır. Yəqin ona görə təəccüblənirlər ki, kimlərsə onlardan icazə almadan namaz qılır, hicab örtür, məscidə ibadətə gedir. Görünür, bütün sahələri tənzimləməyə nail olublar, indi də insanların Allahla münasibətlərini tənzimləmək fikrinə düşüblər. Inanclıları alçaltmaq, onlara həqarət etmək göstərir ki, bayaq dediyim sindrom Yevlaxda daha kəskin formadadır”.
I.Ibrahimoğlu bildirir ki, Yevlaxda inanclılara qarşı repressiyaların davam etdiyi barədə onlara şikayət daxil olub. O, prosesin dayanmayacağı təqdirdə hüquq müdafiəçilərindən ibarət nümayəndə heyətinin adıçəkilən rayona gedib monitorinq aparacağını bildirir: “Hesab edirəm ki, baş verənlər ölkədə demokratiya və azadlıqların vəziyyətinin göstəricisidir. Bir məmur özünü hansısa ərazinin padşahı bilir və nəinki qanunları, hətta ölkənin standartlarını da tapdayır. Özü üçün standartlar müəyyənləşdirmək istəyir ki, bu da anormal haldır. Ona görə, yüzə yaxın insan paytaxta gəlib öz etirazlarını bildiriblər. Hesab edirəm ki, ictimai rəy bu məsələyə diqqət ayırmalıdır. Problem yoluna qoyulmasa, yaxın günlərdə hüquq müdafiəçiləri olaraq xüsusi toplantı keçirəcəyik. Həmçinin Yevlaxa gedib yerindəcə monitorinq aparmağı da düşünürük”. ("Azadlıq" qəzeti)