Beynalxalq servisi/Aran Agentliyi
"Abşeron" strukturunda "AVX-2" kəşfiyyat quyusunun xərcləri gözlənildiyindən çox olacaq. Bu barədə Total E&P Absheron B.V. şirkətinin meneceri Jan Karre "Abşeron" layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatının ictimai dinləmələri zamanı bildirib.
Onun sözlərinə görə, mümkündür ki, "Abşeron" üçün kəşfiyyat xərcləri Xəzər akvatoriyasında ən bahalı olsun və $200 mln-a çatsın. Qeyd edək ki, bir il əvvəl Ftansa şirkətinin mütəxəssisləri "AVX-2"də qazma işlərini $100 mln qiymətləndirirdilər.
Layihənin bahalığı qazma nöqtəsinin Xəzərin dərin hissələrində (470-480 metr) olması, eləcə də quyunun layihə dərinliyi (7200 metr) ilə bağlıdır. İndiyəcən Xəzərdə belə quyu qazılmayıb.
Xatırladaq ki, kəşfiyyat quyusunun qazılmasına bu ilin sentyabrında başlamaq və 2011-ci ilin mayında başa çatdırmaq planlaşdırılır.
"Abşeron" dəniz yatağının kəşfiyyat və istismarı üzrə PSA tipli müqavilə ARDNŞ ilə Total arasında 27 fevral 2009-cu ildə bağlanılıb. Sonra ona GDF Suez şirkəti qoşulub. Hazırda pay bölgüsü belədir: ARDNŞ və Total hərəsi 40%, GDF Suez - 20%. Azərbaycan geoloqlarının fikrincə, "Abşeron"da 300 mlrd m3 qaz ehtiyatı var.