Hökumətin planı hazırdır, milyardlarla dollarlıq hərbi müqavilələr ləğv edilir, diplomatik münasibətlərə son qoyulur
Türkiyə Servisi/Aran Agentliyi
Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrailin hücumu və 9 türkün ölümündən sonra Türkiyənin sionist rejim ilə bütün ipləri qoparmağa hazırlaşdığı məlum olub. Xəbərlərə görə, AKP hökuməti İsrailə qarşı atılacaq addımları müəyyənləşdirib və planı hazırlayıb. Ankara İsraillə bütün əlaqələrinin dondurulmasına qərar verib. Nazirlər Kabinetinin son iclasında qəbul edilən qərara görə, İsrail BMT-nin təhqiqat komissiyasına üzv göndərməyəcəyi halda Türkiyənin səfiri Təl-Əvivə getməyəcək. Türkiyə və İsrail arasında qırıcı təyyarə və tankların modernləşdirilməsi ilə bağlı 1,5 milyard dollarlıq layihələr dayandırılıb. İsrailin Türkiyəyə satmaq istədiyi müasir tanklarla bağlı 5 milyard dollarlıq təklifi də gündəmdən çıxarılıb. Artıq Türkiyədə “F-16" qırıcılarının pilotları təlim üçün İsrailə göndərilməyəcək.
İsraillə planlaşdırılan hərbi təlimlər də ləğv olunub. Təl-Əvivlə Ankara arasında kəşfiyyat məlumatlarının mübadiləsi də birtərəfli dayandırılıb. Bundan əvvəl Cənubi Koreyada səfərdə olan Türkiyə prezidenti Abdulla Gül bildirmişdi ki, İsrailə qarşı bir “yol xəritəsi” hazırlanıb və onu hökumət açıqlayacaq. İsrail hökuməti güclü beynəlxalq təzyiqlərdən sonra gəmi basqınına dair təhqiqat aparmağa razılaşıb. Bu məqsədlə yaradılan komissiyaya İsrail Ali Məhkəməsinin keçmiş hakimi başçılıq edir. Lakin Təl-Əviv hadisənin beynəlxalq araşdırmasına qarşıdır və bunu qəbul etmir. BMT Təhlükəsizlik Şurasının bəyanatında İsrailin hadisənin araşdırılması üçün beynəlxalq təhqiqat qrupu yaradılmasına icazə verməsi tələb olunurdu.