17 iyun 2009-cu ildə Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidi bağlandı, məscidin problemi müsbət həll olunsa da hələlik dindarların istifadəsinə verilməyib
Azərbaycan Servisi/Aran Agentliyi
17 iyun Azərbaycan dindarları üçün çox unudulmaz bir gün oldu və onlara üzüntülər yaşatdı. 17 iyun 2009-cu ildə Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidi bağlandı, məscidin problemi müsbət həll olunsa da hələlik dindarların istifadəsinə verilməyib. Amma artıq Azərbaycan Prezidentinin göstərişi ilə məscidin sökülmək təhlükəsi aradan qalxıb və cənab İlham Əliyev məscidi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Hacı Allahşükür Paşazadənin ona olan müraciətinə əsasən QMİ-nin sərəncamına verib, Bakı şəhər İcra Hakimiyyətinə də məscidin təmirinin başa çatdırılması tapşırılıb. Məscidin dini icmasının sədri Mirtofiq Rəzizadə KİV-ə açıqlamasında bildirib ki, bir il əvvəl yaşadığımız acı təqribən 1 ay əvvələ qədər davam etdi, Allaha şükür və həmd olsun ki, Onun inayəti ilə Azərbaycan Prezidenti tərəfindən məsələ müsbət həll olundu. Biz öz adımızdan məscidin müdafiəsinə qalxan, onun sökülməsinə razı olmayan hər bir şəxsə, cənab İlham Əlyevə, onun xanımı Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk, əlbətdə QMİ sədri Şeyxül-İslam Hacı Allahşükür Paşazadəyə də təşəkkür edirik.