Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Media mərkəzində Yevlax sakinləri növbəti mətbuat konfransını keçiriblər. Yevlax sakinləri Yevlax İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin özbaşnalığından məlumat veriblər. Onlar bildiriblər ki, ötən il Yevlax Cümə məscidinin həyətinin satışına etiraz etdiklərinə görə, bu etirazı ifadə edən məktubuna imza qoyan hər bir kəs mütamadi olaraq ciddi təzyiqlərə məruz qalır. Yevlax Cümə məscidinin Dini icmasının üzvü Ramin Quliyevin bildirdiyinə görə, Elmar Vəliyev din və dindarlara çox mənfi münasibət bəsləyir. R.Quliyev deyib: «Bizim onun özbaşnalığına qarşı ifadə etdiyimiz etirazlardan sonra Vəliyev bizə məxsus obyektləri ya bağlatdırıb, ya da ki, dağıdıb. Şəxsən mənə məxsus 2 dini mağaza qapadılıb». Ramin Quliyevin bildirdiyinə görə, 130 nəfər Yevlax sakininin Bakıya gələrək Prezident Apparatı, MTN, DİN, Baş prokurorluq və H.Əliyev Fonduna şikayət ərizəsi verdikdən sonra, rayonda sonradan təqibə məruz qalıblar. Belə ki, onlardan 5 nəfəri həbs edilib və yaxud cərimələnib.
Digər Yevlax sakini Mirsadiq İsmayılzadə isə dəfələrlə müxtəlif instansiyalara müraciət etdiklərindən, lakin heç bir fayda görməditklərindən gileylənib. O, deyib: «Elmar Məmmədov özünü elə aparır ki, guya Yevlaxın özünə məxsus qayda-qanunu, hətta Kostitusiyası var. Biz hətta ona Azərbaycan Konstitusiyasına tabe olduğumuz bildirərkən, o deyib ki, «siz mənə tabe olmalısınız»» Qeyd edək ki, Yevlax sakinləri bu özbaşnalıqların həll edilməyəcəyi təqdirdə qarşıdan gələn Parlament seçkilərini boykot edəcəklərini önə çəkiblər. Həmçinin yevlaxlılar mətbuata Yevlax icra hakimiyyəti tərəfindən sakinlərin dağıdılmış obyektlərinin foto şəkillərini təqdim ediblər.