Onlar Azərbaycanın bütün sahələrdə uğurunu NATO-ya üzvlükdə və ya ABŞ-a nökərçilikdə görürlər
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası və NATO ilə əlaqələndirici səfirlik olan Rumıniyanın Azərbaycandakı səfirliyi “NATO-nun Sülh Haminə Tərəfdaşlıq” proqramının perspektivləri: Azərbaycan cəmiyyətinin rəyi və gözləntiləri” mövzusunda dəyirmi masa keçirib. Forumda Rumıniya və Gürcüstanın Azərbaycandakı səfirliklərinin təmsilçiləri, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi, qeyri-hökumət təşkilatlarının rəhbərləri və ekspertlər iştirak ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan cəmiyyəti müstəqilliyin ilk illərində NATO-nun Dağlıq Qarabağ problemini həll edəcəyinə ümid edirdi.
“NATO ilə bağlı cəmiyyətdə təsəvvürlər reallaşdıqca, NATO ilə münasibətlər də daha realistik olur. Əgər əvvəllər Azərbaycan NATO-ya Dağlıq Qarabağ problemini həll edəcək qurum kimi baxırdırsa, artıq fikirlər belə deyil. Hesab edirik ki, Azərbaycan və Ermənistan NATO-ya daha çox inteqrasiya edərsə, problemin həllinə daha çox kömək edə bilər. NATO münaqişənin həllinə deyil, sülh səylərinə dəstək verə bilər”, - deyə politoloq Zərdüşt Əlizadə qeyd edib.
Ekspertlər cəmiyyətlərin demokratikləşməsinin, hərbi sistemdə islahatların dərinləşməsinin, orduda kadr siyasətinin, ordu-cəmiyyət münasibətlərinin, ordunun qlobal problemlərdə, terrorizmə qarşı mübarizədə rolunun artırılmasında NATO-nun rolunu qeyd edib.
“Gürcüstanda cəmiyyətin demokratikləşməsi NATO-ya inteqrasiyanın dərinləşməsinə kömək etdi. Ancaq Azərbaycanda gözləntilər var ki, NATO-ya inteqrasiya demokratiyanı dərinləşdirəcək”, - deyə ekspert Toğrul Cuvarlı qeyd edib. Ekspertlər NATO-ya inteqrasiyada Azərbaycan və Gürcüstan təcrübəsinə də diqqət yetirib.