80 fəal həbs olundu, onların 11-i məhkəməyə çıxarıldı, Yaşar Əliyev isə bölmədə mitinq iştirakçısını döydü
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən saat 15:00-da Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının təmsil olunduğu “Azadlıq” bloku növbəti izdihamlı mitinqini şəhərin mərkəzində keçirməyə cəhd etdi. Bakı meriyası müxalifətə şəhərin kənarında mitinq keçirmək üçün yer ayırmışdı. Müxalifət isə dünən icazəsiz mitinqini şəhərin mərkəzində keçirməkdə israrlı idi. Aksiya iştirakçıları mitinqin keçiriləcəyi məkanı son dəqiqələrə qədər gizli saxlamağa çalışdılar. Buna qədər isə artıq xeyli sayda polis qüvvələri ilk bəyan olunan məkanı - Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının ətrafını mühasirəyə almışdı.
Müxalifət polisi gülməli vəziyyətə saldı
Aksiyadan təqribən iki saat öncə, şəhərin Sabir bağı ətrafında, Nizami heykəlinin yaxınlığında, metronun “İçərişəhər”, “Nizami”, “Elmlər Akademiyası” stansiyalarının qarşısında polis qüvvələri əraziyə nəzarət edirdi. Bu ərazilərə səhər saatlarından mülki geyimli polislər cəlb olunmuşdu. Polis qüvvələri daha çox “Elmlər Akademiyası” metrosunun qarşısına və yaxınlıqdakı Cavid bağına səfərbər olunmuşdu.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Yaşar Əliyev də əraziyə gələrək polislərə göstəriş verirdi. Həmin dəqiqələrdə AXCP fəalı Dəyanət Babayev yolda gələrkən saxlanmışdı. Ancaq polis mitinq yerini müəyyənləşdirməkdə yanıldı. Etirazçılar son anda Bakı meriyasının qarşısını seçdilər.
Polis Sabir bağı istiqamətindən BŞİH-in binasına doğru ərazini blokadaya almışdı. Hərçənd burada da aksiya iştirakçılarının hansı istiqamətdən gələcəyi dəqiqləşməmişdi. Habelə əraziyə 4- 5 iritutumlu avtobus gətirilmişdi. Aksiyada mülki geyimli şəxslər az gözə dəyirdi. Maraqlıdır ki, general Yaşar Əliyev hadisə yerinə şəxsən təşrif buyurmamışdı.
Nəhayət, “Azadlıq” blokunun sanksiyalaşdırılmamış mitinqi təqribən 15:10 radələrində gözlənilməz istiqamətdən başladı. Odur ki, polis sayıq tərpənə bilmədi. Müxalifətçilər “Torqovı” küçəsindən Bakı meriyasına doğru yürüş etməyə cəhd etdi. “Torqovı”da onlara heç bir müdaxilə olunmadı. Onlar əllərində plakatlara yazılmış “Fuck OİL”, “Azadlıq”, “Azad seçki”, “İstefa” şüarlarını Sabir bağına qədər səsləndirməyə nail oldular. Çaşqınlıq içində olan polis isə onları yalnız adıçəkilən ərazidə yaxalamağa macal tapdı. Polislər etirazçıların qarşısını kəsib, maşınlara mindirib polis bölmələrinə aparmağa başladılar.
Amma aksiya iştirakçıları dirəniş göstərirdi. Polis qüvvəsinin yetərsiz olması aksiyanın bir saat davam etməsinə səbəb oldu. Polislər mitinqçilərin bir qismini avtobuslara doldurub ərazidən kənarlaşdırdılar. Ancaq mitinq bununla yekunlaşmadı.
“Səsini çıxaranı tutun və yerindəcə döyün!”
Ara sakitləşəndən bir qədər sonra müxalifətçilər növbəti dəfə həmlə etdilər. Onlar “Torqovı”nın ara küçələri boyunca qaçaraq şüarlar səsləndirməyə və polisin gözündən yayınmağı bacardılar. Natəvan döngəsində AXCP-çi və müstəqil gənc fəallar əllərində plakatlar tutub şüarlar səsləndirdilər. “Torqovı”dakı etirazlardan gec xəbər tutan polis əraziyə iki-üç əməkdaşını göndərdi. Gənclər polisin gəldiyini görən kimi plakatları yerə atır və sakitcə gəzişməyə başlayırdı. Polisi aldatmağa nail olan aksiyaçılar bu aldadıcı manevrləri şəhərin mərkəzi küçəsində də bir neçə dəfə təkrar etdilər. Polis əməkdaşları isə onların dalınca qaçır, əlavə qüvvə çağırırdılar.
Qeyd edək ki, müxalifətçilər 5 qrupa bölünmüşdü. Həbs olunan qrupun ardınca digər qrup hərəkətə keçirdi. Bu arada isə avtomobillərin hərəkəti dondu, polis Azərbaycan prospektindən Neftçilər prospektinə gedən yolu bağladı. “Azadlıq” blokunun keçirdiyi mitinqdə 100-dən çox protest elektoratçı iştirak edirdi. Onlardan 80 nəfəri saxlanıldı. Polis onlara qarşı bir qədər loyal davranmağa çalışdı. Rövşən Nəsirli istisna olmaqla aksiyada xəsarət alan olmadı. Onu möhkəm döyüb maşına zorla saldılar.
Az sonra Nizami heykəlinin yaxınlığında aksiya iştirakçılarının növbəti hissəsi şüar səsləndirməyə başladı. Görünür yuxarı rəislərindən “Səsini çıxaranı tutun və yerindəcə döyün!” əmrini alan polislər onların ağzını yumub maşınlara basırdı. Tutulanların arasında AXCP sədrinin müavinləri Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, eləcə də Nemət Əliyev, Sahib Kərimov, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu da var idi.
General Əliyevin şillə-təpik zərbələri
Aksiya keçirilən müddətində ərazidəki bütün mağazalar və başqa iaşə obyektlər qapadıldı. Mitinqə dəstək verənlər arasında müsavatçı fəallar da var idi. Onlardan Yaşar Türkazər və Əlağa Hüseynovu qeyd etmək olar. O anlarda isə növbəti aksiya dalğasının gələcəyi gözlənilirdi. Belə də oldu. Daha bir neçə müxalifətçi həbs olundu, həmçinin “Torqovı”dan sakitcə çıxan gənclər tutuldu. Tutulan 40 nəfər Səbayel Rayon Polis İdarəsi (RPİ) 8 və 9-cu polis bölmələrinə aparıldı.
AXCP sədrinin köməkçisi Faiq Əmirov qəzetimizə açıqlamasında ümumilikdə 80 nəfərin həbs olunduğunu, onlardan 62 nəfərin 8-ci, 18 nəfərin isə 39-cu polis bölməsində olduğunu dedi.
“Aksiyanı baş tutmuş hesab edirik. Çünki şəhərin mərkəzində tələblərimizi səsləndirə bildik”. Bunu aksiyadan dərhal sonra “Azadlıq” radiosuna açıqlamasında AXCP sədri Əli Kərimli deyib: “Şəhərin bütün mərkəzi parkları, meydan və metro stansiyasının qarşısı 3-4 saat öncədən ciddi polis nəzarətinə götürülmüşdü. Amma şəhərin mərkəzində - Bakı Şəhər İcra Hakimiyyətinə yaxın yerlərdə cəbhəçilər bir neçə dəfə kolonlarla ”Azadlıq!", “İstefa!”, “Azad seçki!” tələbləri ilə qısamüddətli də olsa, yürüş keçirə biliblər. Bu dəfə həddən artıq adam tutulub. Təkcə 8-ci polis bölməsində 64 nəfər mitinq iştirakçısı saxlanılır. Daha 18 nəfər naməlum istiqamətdə aparılıb".
AXCP sədri bildirib ki, tələbləri yerinə yetənə kimi aksiyalar keçirmək niyyətindədirlər. Aksiyadan sonra polis bölməsində iştirakçılara qarşı zorakılıq olub. Bir nəfər aksiyaçını isə general Yaşar Əliyev şəxsən özü döyüb. Bu, Tofiq Zeynalovdur. Y.Əliyev onu Səbayel RPİ 8-ci polis bölməsində döyüb.
Aksiyada həbs olunanlardan 11 nəfərinin işi məhkəməyə göndərilib. Onlar aşağıdakılardır:
· Mənsum Bayramov (AXCP Rəyasət Heyətinin üzvü)
· Vaqif Xalıqov (AXCP Suraxanı rayon təşkilatının sədri)
· Məhəmməd Məcidli (AXCP Ali Məclisinin üzvü)
· Fədai Qaraxanlı (AXCP)
· İnqilab Kərimov (AXCP)
· Dəyanət Babayev (AXCP)
· Rövşən Nəsirli (bitərəf)
· Rəşadət Axundov (bitərəf)
· Cəmil Hacıyev (ADP Gənclər Təşkilatının sədri)
· Mikayıl Məmmədov (AXCP)
· Rabil Qurbanov (AXCP).
Son məlumat belədir ki, tutulanlardan 5 nəfəri məhkəmənin qərarı ilə 20 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. 1 nəfərə xəbərdarlıq olunub. 5 nəfərə isə həbs cəzası verilib. Mənsum Bayramov, Dəyanət Babayev, Mikayıl Məmmədov və Rəşadət Axundov hərəsi 10 sutka, Rövşən Nəsirli isə 15 sutka həbs cəzası ilə “mükafatlandırılıb”.