Azərbaycan Servisi/Aran Agentliyi
Bankın prezidenti iyunun 23-24-də Bakıda keçiriləcək İslam İnkişaf Bankın (IDB) Müdirlər Şurasının XXXV İllik Toplantısında iştirak edəcək.
Toplantıda IDB-yə üzv olan 56 ölkənin maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri və digər yüksək vəzifəli qonaqlar iştirak edəcəklər. Ümumilikdə tədbir zamanı 30-a yaxın iclasın keçirilməsi və 850-dən çox qonağın iştirakı gözlənilir.
İllik Toplantı çərçivəsində IDB-nin XXXV illik hesabatının müzakirəsi, Nigeriyanın Bankın əsas kapitalındakı iştirak payını artırmaq üçün müraciəti, 2010-cu ildə Bankın xalis gəlirindən Texniki Yardım Qrant Əməliyyatlarına və Təqaüd Proqramına vəsaitin ayrılması, IDB-nin Müdirlər Şurasının XXXIX İllik Toplantısının Tacikistanda keçirilməsi ilə bağlı bu ölkənin dəvəti, Bankın Müdirlər Şurasının XXXVI İllik Toplantısının tarixi və yeri kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur. Müdirlər Şurasının İllik Toplantısı zamanı Banka üzv olan ölkələr üçün yeni layihələr təsdiq olunacaq, bir sıra kredit sazişləri imzalanacaq.
Tədbir çərçivəsində IDB-nin qurumları - Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, İnkişaf naminə İslam Həmrəylik Fondunun illik iclasları, həmçinin bir sıra müxtəlif görüşlər, seminar, forum və təqdimatlar keçiriləcək.
Müdirlər Şurasının İllik Toplantısı zamanı iyunun 21-22-də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının, Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə «Azərbaycan və MDB ölkələrinin biznes imkanlarına dair İnvestisiya Konfransı» da keçiriləcək.
Tədbir zamanı həmçinin, IDB tərəfindən elm və texnika, İslam iqtisadiyyatı, qadınların inkişafa töhfəsi sahəsində mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir İqtisadi İnkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.