Azərbaycan Servisi/Aran Agentliyi
Bakı Dairəvi yolunun yenidən qurulması ilə bağlı torpaq əraziləri yol altına düşən Nardaran sakinləri onlara kompensasiya ödənməməsi iddiasıyla iyunun 21-də həmin yolu bağlayıb, etiraz aksiyası keçiriblər. Bu barədə kənd sakini Rasim Əlizadə mətbuata deyib ki, yol çəkilişindən Nardaranda 106 ailə əziyyət çəkib:«Kompensasiyanın ödənməsi barədə dövlət başçısı İlham Əliyevin yol çəkilişilə bağlı müşavirədə nəqliyyat və maliyyə nazirləri Ziya Məmmədova və Samir Şərifova tapşırıq verib, amma bu tapşırığa əməl olunmur».Sakinlər kompensasiyalar ödənmədiyi üçün uyğun qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Məsələnin həlli üçün yolun keçdiyi rayonların icra hakimiyyətlərində komissiyalar yaradılıb, bu komissiyalar sakinlərə dəyən ziyanları qiymətləndirməli və ödəməlidir. «Həmin komissiyalar nə iş görür bilmirik, bir dəfə də olsun sakinlərlə görüşməyiblər», - R.Əlizadə bildirib. Yenidən qurulmasına keçən il sentyabrın sonlarından başlanan Bilgəh-Şumqayıt yolunun ümumi uzunluğu 39,6 km-dir. Bu yol Bakı kəndlərini Sumqayıtla, Azərbaycan-Rusiya magistralı ilə birləşdirir. Yolun çəkilişinin bu ilin avqustunda bitəcəyi deyilsə də, hələ ki, Nardaran hissəsində yol çəkilişi başa çatmayıb. Rasim Əlizadə deyib ki, əgər Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyi kompensasiya məsələsini həll etməsələr, kəndlilər yolun tikintisini başa çatdırmağa imkan verməyəcəklər:«Bu, mümkün deyil. Əvvəlcə bizi razı salmalıdırlar. Nardaranlılar yolda oturacaqlar, tikintiyə imkan verməyəcəklər».