Azərbaycan qoşunların təmas xəttində baş vermiş son insidentlə bağlı BMT-ni məlumatlandırıb
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyev Ermənistanın may ayında atəşkəsi neçə dəfə pozması ilə bağlı siyahını BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına təqdim edib Azərbaycan tərəfi Birləşmiş Millətlər Təşkilatını Ermənistan və Azərbaycan arasında baş verən son atışmalarla bağlı məlumatlandırıb. Bu barədə BMT-nin baş qərargahından bildirilib. BMT-nin İnformasiya Ofisinin verdiyi məlumata görə, Azərbaycanın BMT-dəki nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq 2010-cu il may ərzində Ermənistan tərəfinin atəşkəsi neçə dəfə pozması ilə bağlı siyahı təqdim edib. “Biz mütəmadi olaraq yenilənmiş məlumatları alırıq. Hər iki münaqişə tərəfi bizə bu məlumatları verir. Səfir bu məktubun Baş Assambleyanın sənədi kimi gündəlikdəki 14-cü məsələ (GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri) və 18-ci məsələ (İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət) üzrə yayılmasını xahiş edib. Bu xahiş nəzərə alınıb”. Səfirin məktubunda deyilir ki, may ayı ərzində ermənilər müxtəlif vaxtlarda 38 istiqamətdə atəşkəsi pozublar. BMT İnformasiya Ofisinin nümayəndəsi bildirib ki, Ermənistan tərəfi də öz məlumatlarını çatdırır. Onlar bir müddət əvvəl atəşkəsin pozulması ilə bağlı yenilənmiş məlumatları göndəriblər.