Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov bu məsələ ilə əlaqədar DQİDK sədri Hidayət Orucova açıq məktub ünvanlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Əhalisinin 95 faizindən çoxunun İslama etiqad etdiyi ölkəmizdə, dinimizə qarşı cəmiyyətdə sərt etirazlar doğuran addımlar atılmaqda davam edir. İslam düşmənləri, sədri olduğunuz Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin onlara yaratdığı münbit şəraitdən bəhrələnərək anti-İslam siyasətini genişləndirməyə, Azərbaycanda daha böyük fitnə-fasadlar yaratmağa cəsarət edirlər.” Bu sözlər Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun DQİDK sədri Hidayət Orucova ünvanladığı açıq məktubunda qeyd olunub. Məktubda daha sonra deyilir ki, elə ötən aydan nəşr edilməyə başlayan “Unikal” qəzetində İslam dünyasının düşməni kimi tanınan məlun Salman Ruşdünün üzdəniraq “şeytan ayələri” kitabının hissə-hissə dərc edilməsi, (xatırladaq ki, artıq qəzetin üç nömrəsi buna həsr edilmişdir) məhz bu məqsədə, yəni müsəlman Azərbaycan xalqına qarşı təhqir və ləkə gətirməyə xidmət edir ki, bu da cəmiyyətdə ciddi narahatçılıq və əks reaksiya doğurmuşdur. Bu təhlükəli addıma qarşı etiraz məqsədilə bizə daxil olan çoxsaylı müraciətləri və əsasən də bu kimi halların müsəlman dünyasında xalqımıza qarşı yarada biləcəyi etimadsızlığı və xoşagəlməz münasibəti nəzərə alaraq, diqqətinizə çatdırmaq istəyirik ki, üzdəniraq nəşr, müqəddəs dinimizi aşağılayan və təhqir edən cızma-qara olmaqla İslamın düşmənlərinin əlində müsəlmanlara, onların inancına qarşı süni alətə çevrilmişdir.
Təəssüf doğuran haldır ki, nəşri və yayılması meydana çıxan gündən İslam aləmində qadağan olunan kitabın artıq üç hissəsi Azərbaycan mətbu orqanlarında açıq-aşkar dərc olunduğu və yayıldığı halda, rəhbərlik etdiyiniz Komitə səsini belə çıxarmır. Amma çox təəccüb doğuran başqa bir hal isə ondan ibarətdir ki, idarəniz bütün müsəlmanlara lazımlı, İslamın təbliği üçün vacib, bütün islamsevərləri vəhdətə çağıran bir sıra kitab və nəşrləri mahiyyətinə belə varmadan qadağan edir, satışdan çıxarır, “qara siyahıya” salır, İslamı təhqir edən kitabın təbliğindən isə özünü xəbərsiz göstərir. Bu isə heç inandırıcı deyil.
İslama, müsəlmanlara və deməli Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yürüdən bu cur naşirlərə və nəşrlərə qarşı, bizləri İslam dünyası ilə qarşı-qarşıya qoyduqlarına görə cinayət işinin qaldırılmasının, təxribatçı hərəkətlərinə hüquqi qiymət verilməsinin vaxtı çatmayıbmı?
Azərbaycanda özünə isti yuva tapan qeyri-ənənəvi təriqətlərin bu və ya digər din pərdəsi altında fəaliyytəti bu gün də davam edir. Xatırladaq ki, bir çox ölkələrdə bu cür zərərli təriqətlərin fəaliyyəti artıq qadağan olunmuşdur. Ölkəmizdə isə bu azmış kimi, indi də İslamın açıq düşmənləri meydan sulamağa başlamışlar. Xalqımız üçün indi qaranlıq qalan təmsil etdiyiniz qurumun adının və icra etdiyiniz vəzifənin mahiyyətidir. Bu barədə açıqlama verməyinizi xahiş edirik.