Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, etimadnamənin surətini təqdim edən H. Şiya Qubeyşi əl-Bərrak Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələr arasında bir sıra sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan diplomat İraq-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. Öz növbəsində, E. Məmmədyarov səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, iki ölkə arasında əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədə müvafiqliyini vurğulayıb.