Tarix : 2010 Jun 26
Kod 18072

İlham Əliyev çıxışına “Bismillahir-Rəhmanir-Rəhim” kəlmələri ilə başlayıb

“Azərbaycanın inanclı insanları son zamanlar dinlə bağlı rəsmi siyasətdən o qədər də razı deyillər. Bəlkə bununla dövlət başçısı aşağı səviyyəli məmurlara bir mesaj da göndərmək istəyib”
Azərbaycan Servisi/Aran Agentliyi
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun iyunun 23-ü Bakıda keçirilən 35-ci illik toplantısındakı çıxışına “Bismillahir-Rəhmanir-Rəhim” kəlmələri ilə başlayıb. Bu, bir yenilik təsiri bağışlayır. İndiyədək dövlət başçısının hansısa çıxışa bu cür başladığı olubsa da, görünür, buna diqqət yetirilməyib. Jurnalist Qurban Yaquboğlu “Media forum” saytına açıqlamasında prezidentin çıxışına “Bismillahir-Rəhmanir-Rəhim” kəlmələri ilə başlamasının islam inanclı hər bir adama Allah adının dövlətin birinci şəxsinin dilində zikr olunması kimi xoş təsir bağışladığını vurğulayır: “Amma zənnimcə, Azərbaycan cəmiyyəti buna daha çox təəccüblənəcək. Birincisi, bu sayaq giriş adətən din xadimlərinə və ya ibadət edən insanlara aiddir. İkinci nüans həmin toplantının, adından da göründüyü kimi, din səciyyəli yox, işgüzar xarakter daşımasıdır. Üçüncüsü, Azərbaycanın inanclı insanları son zamanlar dinlə bağlı rəsmi siyasətdən o qədər də razı deyillər. Bəlkə bununla dövlət başçısı aşağı səviyyəli məmurlara bir mesaj da göndərmək istəyib?”  Qurban Yaquboğlunun fikrincə, bu, dünyəvi dövlət olan Azərbaycan üçün yeni bir hadisədir: “Azərbaycanın iqtisadi inkişaf naziri də tədbirdəki çıxışını eyni qaydada, yəni “Bimillahir-Rəhmanir-Rəhim” ifadəsilə başlayıb və deməli, bunu prezidentin şəxsi nümunəsi kimi qəbul etmək olmaz”. İlahiyyatçı alim Elşad Miri dövlət başçısının nitqinə “Bismillahir-Rəhmanir-Rəhim”lə bağlamasını yeni ənənənin başlanğıcı hesab edir: “Yada salmaq istəyirəm ki, heç bir islam ölkəsində prezident and içəndə ölkənin ali qanunu ilə bərabər “Qurani-Kərim”ə əl basmır. Bu ənənə Azərbaycanda yaranıb. Mən əvvəllər prezidentin nitqinə “Bismillahir-Rəhmanir-Rəhim” ifadəsi ilə bağlamasını müşahidə etməmişdim. Bunu alqışlayır və yeni ənənənin başlanğıcı hesab edirəm”. Elşad Miri “Bismillahir-Rəhmanir-Rəhim”in “Quran”ın ilk surəsi olan “Fatihə” surəsinin ilk ayəsidir: “Rəhman və rəhimli Allahın adı ilə” deməkdir. Müsəlman hər ilk işə başlayanda, hətta yemək yeyəndə, yatağa girəndə, yuxudan oyananda da bu ifadəni işlətməlidir. Allahın adı ilə işə başlamaq gözəl haldır”. İlahiyyatçı ekspert hesab edir ki, islamla bağlı tədbirdə dövlət başçısının nitqini Allahın adı ilə başlaması dini ənənələri yaşatdığımıza bir sübutdur: “Bu ifadənin işlənməsi hər hansı protokol qaydalarına zidd deyil. Heç bir protokol qaydasında göstərilmir ki, bu ifadəni işlətmək olar, ya yox. Əgər dövlət başçısı nitqlərində “İnşallah”, “Maşallah”, “Allah qoysa”, “Bərəkəllah” ifadələri işlədirsə, bu hansı protokol qaydalarına zidd ola bilər? Dini bayramlar - Ramazan, Qurban rəsmi dövlət bayramları kimi qəbul edilir. Belə çıxır ki, Azərbaycan dünyəvi ölkədir deyə bu bayramlar burada qeyd olunmasın?”  “Zerkalo” qəzetinini şərhçisi Rauf Mirqədirov deyir ki, prezidentin tədbirdəki çıxışına “Bismillahir-Rəhmanir-Rəhim” kəlmələri ilə başlaması protokol qaydalarına zidd deyil: “Söhbət prezidentin özünün konkret münasibətindən gedir. Yəni özünü müsəlman hesab edir, ya hesab etmir. Islam İnkişaf Bankı Qrupunun illik toplantısında iştirak edənlərin əksəriyyəti inanclı insanlardır. Onların qarşısına “Bismillahir-Rəhmanir-Rəhim” kəlmələri ilə çıxmaqda protokola zidd hansısa hal yoxdur. Ümumiyyətlə, bir sıra dünyəvi ölkələrin prezidentlərinin fəaliyyətlərini müşahidə eləsək, görərik ki, kilsəyə gedir, dua edirlər. ABŞ-da da belədir, Rusiyada da, Fransa da. Yəni bu hallar prezidentlərin də özlərinin inanc səviyyəsindən asılıdır”.Şərhçi dövlət başçısının çıxışını belə başlamasını yerli və ya xarici dindarlara jest kimi qiymətləndirməyin tərəfdarı olmadığını qeyd edir: “Əgər jest olsaydı, bu, xarici qonaqların qarşısında edilməzdi. Bunu müəyyən mənada imic və xoş təəssürat yaratmaq kimi qiymətləndirirəm. Ölkə daxilində dindarlara jest, dinə hörmət olaraq başqa addımlar atılır. Misal üçün, prezident hər hansı məscidin açılışında xanımı ilə birgə iştirak edir”. Prezidentin mətbuat katibi Azər Qasımov mətbuata bildirib ki, prezident İlham Əliyevin çıxışı İslam İnkişaf Bankı Qrupunun protokoluna uyğunlaşdırılıb: “Bu qurumun iclaslarında çıxışlar o şəkildə başlayır. Cənab prezident də protokol qaydasına uyğun olaraq “Bismillahir-Rəhmanir-Rəhim” deyib”.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 26