Tarix : 2010 Jun 26
Kod 18073

Bakı kəndlərində problemlər həddən artıq artıb

Bakı və Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsi (BBKHMK) Azərbaycan İnsan Haqları Evində Bakı kəndlərinin sosial problemlərinə dair dəyirmi masa keçirib
Azərbaycan Servisi/Aran Agentliyi
Tədbir iştirakçıları əsasən Bakı kəndlərində vətəndaşların əmlak toxunulmazlığı hüquqlarının pozulması, məmur özbaşınalığı, polis zorakılığı, əhalinin bu özbaşınalığa müqavimət göstərməməsi ilə bağlı müzakirələr aparıblar.
    Bilgəh-Sumqayıt yolunun yenidən qurulması ilə Nardaranda 106 ailənin torpağının yol altına düşdüyü, buna baxmayaraq, zəzər çəkən sakinlərin az bir hissəsinin hüquqları uğrunda mübarizə apardığı vurğulanıb. Səbəb kimi hakmiyyət nümayəndələrinin zərər çəkən sakinlərə yüksək səviyyədə kompensasiya veriləcyi kimi yalan vədi göstərilib. Eyni zamanda, kompensasiyaların ödənilməsi tələb edildikdə icra qurumlarının əhalinin üstünə polis göndərdiyi vurğulanıb. “Belə qarşıdurmanı məmurlar bilərəkdən yaradaraq, ilin sonuna kimi 2002-ci il Nardaran hadisəsi kimi hadisə törətmək istyəyirlər, amma bu dəfə tək Nardaranda yox, digər Bakı kəndlərində də bu hadisələrin törədilməsi nəzərdə tutulur”, - deyə BBKHMK sədri Rasim Əlizadə qeyd edib.
    Zığ kəndində, eləcə də “duzlu göl” ətrafında torpaqları məmurların ələ keçirmək istəməsi də diqqət mərkəzində olub. Tədbirdə Xəzər dənizi çimərliklərinin hasarlanması, əhalinin bu çimərliklərdən istifadə edə bilməməsi ciddi tənqid edilib. Zığ sakini Güləhməd Əhmədov isə Zığda yerli olan bir sakinin belə vəzifədə olmadığını bildirib. “Bütün Bakı kəndləri belə haqsızlıqlar içində yaşayır, bələdiyyələr torpaqları kənardan gələnlərə satır, yerli əhali isə torpaq ala bilmir”, - deyə R.Əlizadə bildirib.
    Tədbirdə iqtidarın Bakı neftinin hesabına həddən artıq varlandığı, amma bundan əhalinin iqtisadi mənfəəti olmadığı qeyd edilib.
    Problemlərlə bağlı müxtəlif instansiyalara müraciət olunduğu, amma məmurdan deputata kimi heç bir səlahiyyət sahibinin bununla maraqlanmadığı nəzərə çatdırılıb.
    Dəyirmi masada bütün bu haqsızlıqlara qarşı mübarizə üçün bütün vətəndaş institutlarının birliyinin təmin olunması zərurəti önə çəkilib.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 26