Azərbaycan Servisi/Aran Agentliyi
Sabirabad sakinləri etiraz aksiyalarını dayandırıblar. Səbəb onların etirazına reaksiya verilməsi olub. Hadisə yerindən Sabirabad sakini Azər İsmayıl mətbuata bildirmişdir: “Hadisələrin kökü 22 iyundan başlamışdı. Həmin gün Sabirabad rayonu Nizami Gəncəvi adına 4 saylı məktəbdə müvəqqəti məskunlaşan Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı və Novruzlu kənd sakinləri ilə RİH başçısı Heydər Abbasov görüşərkən orada sakinlərə onların Ərəb, Qubalı və Cəngənə ərtafında olan torpaqlarda yeni evlərin tikiləcəyi və oraya köçürüləcəkləri barədə məlumat verilmişdir. Bu məlumatdan sonra camaat hiddətlənib. Hətta RİH-nin başçısına da ciddi etirazlar olub ki, biz dədə-baba yurdumuzdan köçməyəcəyik və buraların balıqçılıq hövzəsi olmasına imkan verməyəcəyik. Həmin ərazilər həm də çox münbit torpaqlar olduğuna görə camaat buradan köçmək fikrində deyil. Bu gün (23 iyun 2010) səhər saat 09.00-dan isə aksiya başladı. İlkin saatlar heç bir insident yox idi, polis də orada idi. Kənd sakinlərindən birinin mitinqi telefonla çəkmək istəyinə polis mane olmaq istəyərkən insident yaşandı. Sonradan sakinlər yolu bağladılar. Qafqaz holdinqin kamazları sürüb keçmək istəyəndə camaat imkan vermədi. Hətta sakinlər maşınların altına uzanaraq yolun açılmasına imkan vermədilər. Etiraz aksiyası saat 12:00 radələrində dayandırıldı. Yerli hakimiyyət və paytaxtdan gələn məmurlar camaata söz verdilər ki, bir daha komissiya təşkil olunacaq. Yeni həftənin bazar ertəsindən etibarən 4 kəndə bir daha baxış keçiriləcəkdir”.