Üç nəfərə qarşı xuliqanlıq və odlu silah gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb
Azərbaycan Servisi/Aran Agentliyi
İyulun 1-də saat 20.06 radələrində Suraxanı qəsəbəsindəki A.Rzayev küçəsində avtoxuliqanlıq edərək odlu silahdan atəş açan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suaraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 3 ədəd tapança gilizi götürülüb.
Aparılan araşdırmalar zamanı avtomaşınların Bakı şəhər sakinləri Anar Dadaşova, Mövsüm Nuriyevə və Pərviz Tağıyevə məxsus olmaları müəyyən edilib. 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” markalı avtomaşının sürücüsü A.Dadaşov saxlanılıb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, ötən gün 2 “VAZ-2107” markalı və 1 “Mercedes” markalı avtomaşınların sürücüləri avtoxuliqanlıq hərəkətləri edib və odlu silahdan atəş açıblar.