Vaşinqtonun Azərbaycan müxalifətini niyə saymadığı bilindi
ABŞ-ın üçüncü adamı Sürix protokollarını diriltməyə gəlir; ermənilərə “rayonları boşalt” mesajı da olacaq
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ dövlət katibi Hillari Klinton bu gün Bakıya gəlir. Xəbər verildiyi kimi, Birləşmiş Ştatların üçüncü ən səlahiyyətli adamının Ukrayna və Polşaya səfərlərini başa vurandan sonra Bakıya bu gün səhər saatlarında gələcəyi açıqlanıb. O, aeroportdan birbaşa prezident İlham Əliyevlə görüşə yollanacaq, daha sonra Fəxri Xiyabanı ziyarət edəcək, xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq və dövlət başçısı ilə birgə nahardan sonra İrəvana yollanacaq.
H.Klintonun səfər proqramına Azərbaycanın müxalifət liderləri ilə görüş daxil edilməyib. Proqramda vətəndaş cəmiyyəti təmsilçiləri və gənclərlə görüş yer alsa da, həmin görüşə kimlərin dəvət edildiyi açıqlanmır. Məlum olub ki, dövlət katibi Ermənistanda da müxalifət liderləri ilə görüşməyi planlaşdırmır. Baxmayaraq ki, Dövlət Departamenti onun səfərinin əsas missiyasının demokratiyaya dəstək olduğuna inandırmağa çalışıb. Belə fikirlər var ki, Ermənistan və Azərbaycanda müxalifət liderləri ilə görüşlərin proqrama daxil edilməsinə hakimiyyətlər qarşı çıxıb. Ukrayna və Gürcüstanda isə H. Klintonun müxalifət liderləri ilə görüşləri proqrama daxil edilib.
Ukrayna mediasının xəbərlərinə görə, ABŞ dövlət katibinin Kiyevdə prezident Viktor Yanukoviçlə danışıqlarının əsas mövzularından biri bu ölkənin Avroatlantika məkanına inteqrasiyası və NATO-ya üzvlüyü olub. Hakimiyyət başına gəldikdən sonra Ukraynanın üzünü Rusiyaya tərəf çevirən Yanukoviç isə H.Klintonun gəlişi ərəfəsində ölkənin xarici siyasət prioritetlərin dair qanun layihəsinin parlamentdən keçməsinə nail olub. Bu qanunda Ukraynanın NATO-ya üzvlüyü haqda heç nə deyilmir. Görüşdən sonra keçirilən mətbuat konfransı zamanı H.Klinton V.Yanukoviçi yaxınlaşan 60 illik yubileyi ilə bağlı təbrik edib. Cavabında isə Yanukovç ona “baş katib” deyə müraciət edib. Tez-tez müraciət etdiyi şəxslərin adını və vəzifəsini qarışdırması ilə tanınan Ukrayna prezidenti “baş katib” müraciətini bir neçə dəfə təkrar etdikdən sonra köməkçilərindən biri ona səhvini xatırladıb. Nəhayət, o, səhvini düzəldib və ABŞ dövlət katibinə öz vəzifəsi ilə müraciət edib.
Bildirilir ki, V.Yanukoviç danışıqlar zamanı H.Klintona Ukraynanın NATO-ya üzv olmaq istəmədiyini bildirib. O, deyib ki, Ukrayna Avropa İttifaqına üzvlüyü əsas məqsəd hesab edir. ABŞ dövlət katibi isə bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü bu ölkənin istəyindən asılıdır və əgər Kiyev bunu istəsə, Birləşmiş Ştatlar alyansa üzvlük üçün ona bütün köməyi göstərməyə hazırdır. H.Klinton həmçinin Ukraynada demokratiya istiqamətində konkret addımlar gözlədiklərini bildirib: “Birləşmiş Ştatlar ümid edir ki, Ukraynanın yaxşı gələcəyi var və güclü, demokratik ölkəyə çevriləcək”.
ABŞ dövlət katibi Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsində yardım göstərəcəklərinə də vəd verib. Dövlət katibi Ukrayna müxalifətinin lideri Yuliya Timoşenko ilə görüşü zamanı demokratiya və ölkənin xarici siyasət istiqamətlərinə dair müzakirələr aparıb. Timoşenkonun mətbuat xidmətindən açıqlanan məlumatda deyilir ki, keçmiş baş nazir H.Klintona Ukraynada avtoritar rejimin qurulduğuna və dövlət müstəqilliyinin təhlükə altında olduğuna dair faktlar çatdırıb. Açıqlamaya görə, ABŞ dövlət katibi Timoşenkonun narahatlıqlarını bölüşdüyünü deyib və ABŞ-ın Ukraynada demokratik institutların möhkəmlənməsi üçün müxalifətə kömək etməyə hazır olduğunu bildirib.
H.Klinton Kiyevə səfərini başa vuraraq dünən səhər Polşanın Krakov şəhərinə yollanıb. Onun polşalı həmkarı ilə danışıqlarda ABŞ-ın Polşa ərazisində raket bazası yerləşdirməsinə dair danışıqlar aparacağı gözlənilirdi.
H.Klintonun Rusiyadan asılılığa son qoymağa çalışan keçmiş sovet respublikalarına səfəri Qərb mediasının da diqqətindədir. Bill Klinton administrasiyasında dövlət katibinin ikinci köməkçisi işləmiş Ronald Asmus “The Washington Post” qəzetində yazır ki, prezident Obama Rusiya prezidenti Dmitri Medvedyevin Vaşinqtona səfərindən dərhal sonra H.Klintonu beş keçmiş sovet respublikasına ezam etməklə mühafizəkar çevrələrin tənqidlərini azaltmaq istəyir. Mühafizəkar çevrələr Obamanı Moskva ilə yumşaq dildə danışmağa görə tənqid edir və bildirir ki, onun administrasiyası Rusiya ilə yaxşı münasibətlər naminə keçmiş sovet məkanındakı müttəfiqlərinə arxa çevirib. Keçmiş diplomatın sözlərinə görə, Cənubi Qafqaza səfər xüsusilə diqqəti cəlb edir. Çünki iki il əvvəl Rusiya Gürcüstana qəfil müdaxilə edəndə ABŞ nə edəcəyini qərarlaşdıra bilmədi. İndi isə regionda yeni müharibənin başlanması riski aradan qalxmayıb. R.Asmus Qarabağ münaqişəsi bölgəsində vəziyyətin gərginləşdiyini xatırladaraq qeyd edir ki, əgər Qərb vəziyyətə nəzarəti ələ almasa, gərginlik elə bu yay müharibəyə səbəb ola bilər. Digər tərəfdən, Gürcüstan-Rusiya münaqişəsi də başa çatmayıb. Moskva Tiflisin Qərbə inteqrasiya iradəsini sındırmaqda qərarlıdır.
H.Klintonun regiona səfəri Türkiyədə də diqqətlə izlənilir. Ankarada hesab edirlər ki, dövlət katibinin əsas missiyası iflasa uğramaqda olan Sürix protokollarını dirçəltmək və onun ratifikasiyası prosesini yenidən başlatmaqdır. Lakin Vaşinqton bu dəfə taktikanı dəyişir və başa düşür ki, Azərbaycanı kənara qoymaqla bu prosesi irəli aparmaq mümkün olmayacaq. Ona görə də Ankaradakı siyasi müşahidəçilər hesab edir ki, ABŞ dövlət katibi ilk növbədə Ermənistan prezidentinə Qarabağ danışıqlarında güzəştə getmək üçün təsir göstərməyə çalışacaq. Onun Ermənistandan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını nəzərdə tutan plana razılıq verməsini istəyəcəyi gözlənilir. Qarabağ məsələsinin H.Klintonun səfəri zamanı diqqət mərkəzində olacağı artıq məlumdur. ABŞ dövlət katibi bu məsələni hər iki ölkənin prezidentləri ilə müzakirə edərək onları münaqişənin nizamlanması istiqamətində addılar atmağa çağıracaq. H.Klintonla eyni vaxtda bölgədə səfərdə olan Minsk Qrupu həmsədrlərinin də ABŞ dövlət katibi ilə Bakıda görüşəcəyi gözlənilir.
Xanım Klintonun gəlişi ərəfəsində Azərbaycan prezidenti də ABŞ-ın müstəqillik günü münasibəti ilə B.Obamaya təbrik məktubu yazıb. Yeri gəlmişkən, bu təqvimlə əlaqədar hər il ABŞ-ın Bakıdakı səfirliyinin təşkil etdiyi qəbul qeyri-müəyyən müddətə təxirə salınıb.