Tarix : 2010 Jul 04
Kod 18208

BAKI KÜÇƏLƏRİNDƏ İQTİDAR-MÜXALİFƏT DÖYÜŞÜ

Müxalifət paytaxtı mitinq meydanına çevirdi
Azərbaycan Servisi/Aran Agentliyi

Dünən Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar, eləcə də AXCP Bakı şəhərində etiraz aksiyaları keçirtdilər. 2010-cu il tarixində ilk dəfədir ki, Azərbaycan müxalifəti eyni gündə iqtidara qarşı etiraz aksiyası keçirirdi. Demokratik düşərgə kabinetlərdə birləşməyi bacarmadısa da, nəhayətdə küçədə, meydanlarda və əməldə birləşə bildi. Müsavat başqanı İsa Qəmbərin bir ilə yaxın müddət ərzində müxalifətin birliyinə dair irəli sürdüyü model dünən paytaxt meydanlarında uğurla sınandı. Demokratik düşərgənin əsas qüvvələri rejimin qadağan kabusunu “Azadlıq” şüarları və böyük fədakarlıqları ilə küncə sıxışdırdılar.

Müsavat - DUİ aksiyası metronun “Elmlər Akademiyası” stansiyası qarşısında və Hüseyn Cavid bağında keçirildi. AXCP isə, onun Müsavata doğru uzanası hər ili əlini məşğul edən buxovlarından qurtularaq, təkbaşına Milli Parkda, Dövlət Kukla Teatrının binası yaxınlığında etiraz aksiyası təyin etmişdi. Hər iki aksiya vahid halda müxalifətin, demokratik düşərgənin dünyaya və cəmiyyətə mesajlarını duyurmaq məqsədi daşıyırdı. Aksiyalardan reportaj hazırlayan müxbirlərimizin yazdıqlarından və çəkdiklərindən də göründüyü kimi, dünən milli-demokratlar bu məqsədlərinə tam nail olublar. Diqqətinizə hər iki aksiyadan hazırlanmış reportajları yetiririk.
Müsavat- DUİ aksiyası
“Elmlər Akademiyası” metrosunun çıxışı və Cavid bağının ətrafı aksiyadan xeyli öncədən polis nəzarəti altında idi. Metronun qarşısına aksiya zamanı saxlananları polis bölmələrinə aparmaq üçün nəzərdə tutulan avtobuslar gətirilmişdi. Aksiyanın dağıdılmasına Yasamal Rayon Polis İdarəsinin (RPİ) rəisi Məhəbbət Hüseynov şəxsən rəhbərlik edirdi.
Etirazlar “İstefa” tələbi ilə başladı
Saat 17:00-da ilkin etirazlar başladı. Polislər Müsavatın Səbayel rayon təşkilatının sədri Hüseyn Məlikovu saxlayıb avtobusa mindirdilər. Müsavatçıların ən böyük etiraz dalğası Bakı Dövlət Universiteti tərəfdən başladı. 100-ə yaxın aksiya iştirakçısı “Azadlıq”, “Azad seçki”, “Sərbəst toplaşma”, “İlham, istefa” şüarları ilə metroya tərəf irəliləməyə başladı. Aksiya iki dəqiqədən çox çəkdi və polis zorakılığı ilə dağıdıldı.
Bir neçə dəqiqə sonra polislə etirazçılar arasında da bir toqquşma oldu. Polislər Müsavat başqanının müşaviri Dünyaxanım Vahabovanı kobudluqla sürüyüb avtobusa mindirdilər. Qadın huşunu itirdiyindən polis əməkdaşları onu avtobusdan endirmək məcburiyyətində qaldılar.
Aksiya zamanı polislər jurnalistlərə də fiziki təzyiqlər göstərdilər. “Mediaforum” saytının əməkdaşı Erkin Xəlilov polis zorakılığına məruz qalıb. Polis işçiləri metronun “Elmlər Akademiyası” stansiyası qarşısındakı aksiyanı çəkən jurnalistin kamerasını əlindən aldı, vəsiqəsini isə cırıb özünü zorla avtobusa mindirdilər.
DUİ-yə daxil olan partiyalar da Cavid bağında aksiya keçirdi. Metronun qarşısında Müsavatın aksiyası dağıdılandan sonra millət vəkilləri Arzu Səmədbəyli, İkram İsrafil, Pənah Hüseyn DUİ-nin etiraz aksiyasına qoşuldular. Həmin gün Müsavat deputat qrupunun üzvlərinin rəhbərliyi altında ərazinin 3 ayrı-ayrı məntəqəsində etirazlar təşkil olundu. “Mediaforum” yazır ki, DUİ və Müsavatın birgə aksiyasında 70-ə yaxın şəxs saxlanıb. Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) “Mediaforum”a bildiriblər ki, saxlananlardan 34-ü bu qurumun üzvləridir: “Onların arasında ”Ölkə" qəzetinin təsisçisi, KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu, KXCP Yasamal şöbəsinin sədri Vüqar Bayramlı, KXCP sədrinin gənclərlə iş üzrə müavini İsmayıl Yusifov, gənc fəal Cavid Uranqan, eləcə də partiyanın digər rayon şöbələrinin sədrləri var. Saxlanılanlar Yasamal RPİ 28-ci polis bölməsinə aparılıb. Aksiyada KXCP sədri Mirmahmud Mirəlioğlu da iştirak edib".
Aksiya zamanı jurnalistlərə açıqlama verən millət vəkili Arzu Səmədbəyli aksiyanın dağıdılmasının ölkədə söz azadlığının pozulması kimi qiymətləndirdiklərini söylədi: “Polislər Azərbaycan konstitusiyasına və qanunlarına məhəl qoymur. Amma bunun cavabını verəcəklər”.
Ümumilikdə etirazlar fasilələrlə iki saata yaxın davam etdi. Sonda etiraz edən aksiya iştirakçılarını polis saxlamadı. Müsavat başqanının müavini Tofiq Yaqublu “Mediaforum”a bildirib ki, bu qurumun və DUİ ilə birgə mitinq cəhdində saxlanıb polisə aparılan şəxslər xəbərdarlıqdan sonra sərbəst buraxılıblar. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general Yaşar Əliyev “Azadlıq” radiosuna saxlanılanların sərbəst buraxıldığını deyib.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 04