Zərdüşt Əlizadə: "Enerji və təhlükəsizlik məsələləri, eyni zamanda İran və Rusiya ilə münasibətlərində region ölkələrinin Vaşinqtonu necə dəstəkləməsi ABŞ üçün önəmli məsələdir"
Azərbaycan Servisi/Aran Agentliyi
Bildiyiniz kimi bir neçə gün öncə Amerikanın dövlət katibi Hillari Klinton regiona səfər etmişdi. Səfər çərçivəsində Azərbaycana da baş çəkən xanım Klinton bir neçə addımı ilə yadda qaldı. Bununla da dünyada özünü demokratiya fədaisi kimi göstərən ABŞ-ın əsl məqsədi üzə çıxdı. Sən demə, demokratiya şüarları Amerika üçün maraqlarını təmin etməyə ən əlverişli vasitədir. Görəsən nə üçün, rəsmi Vaşinqton Azərbaycanda müxalifət düşərgəsinin varlığını qəbul etmir? Bu sualla politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. O, FaktXeber.com-a bildirdi ki, Amerika hakim zümrə ilə münasibətləri heç bir problem olmadan qurmağa çalışır: “Bu mənada mövcud iqtidarı razı salmaq istiqamətində səylərini artırıb. Ona görə də xanım Klinton nə müxalifət nümayəndələri , nə də ictimai təşkilatlarla görüşdü. Bu da, ABŞ-ın dövlət maraqlarını təmin etmək baxımından normal və məntiqli mövqedir”.
Birləşmiş Ştatların regionda maraqlarından danışan, politoloq vurğuladı: “Hesab edirəm ki, Amerikanın xüsusən Cənubi Qafqazda çoxşaxəli maraqları var. Enerji və təhlükəsizlik məsələləri, eyni zamanda İran və Rusiya ilə münasibətlərində region ölkələrinin Vaşinqtonu necə dəstəkləməsi ABŞ üçün önəmli məsələdir. Təsadüfi deyil ki, Hillari Klinton, “bizim üçün təsir dairəsi deyilən anlayış yoxdur” deyə bəyan etdi”.
Bu vaxta qədər fəaliyyətində Qərbə arxalanan müxalifət bu səfərdən sonra yürütdüyü siyasətində korrektə edəcəkmi – sualını politoloq belə cavablandırdı: “Müxalifətin başqa çıxış yolu yoxdur. Əli Kərimli bundan sonra “yaşasın İran” deməyəcək. Ona görə də indiki yolu davam edəcəklər. Çünki, alternativ yolları yoxdur. Eyni zamanda indiki müxalifət real qüvvə deyil. Bundan əlavə Klinton dedi ki, hakimiyyət ancaq seçki yolu ilə ötürülə bilər. Bu cümlə Volqa çayının Xəzərə tökülməsinə bənzəyir. Demokratik ölkələrdə hakimiyyət yalnız xalqın seçimi ilə dəyişilir. Bu mənada Klinton yeni söz deməyib ki, onu qabardaq. Amma belə yozmaq olar ki, ABŞ hakimiyyəti demokratik seçkilərə dəvət edir. Azərbaycan hakimiyyəti isə bunu istəmir. O zaman xalq tələb və məcbur etməlidir. Azərbaycan cəmiyyəti mövcud hakimiyyəti qəbul edirsə, min bərəkət. Əks halda ayağa qalxıb, dəyişiklik etməlidir”.
Z.Əlizadə hesab edir ki, bu səfərin Dağlıq Qarabağa heç bir töhfəsi ola bilməz: “Çünki, Amerikanın Qarabağ məsələsinə aid mövqeyi dəyişməzdir, 1988-ci ildən Ermənistanı müdafiə edir, Azərbaycana qarşı iqtisadi sanksiya tətbiq edir və Minsk qrupunun həmsədri kimi Azərbaycana deyir ki, zor işlədə bilməzsən, amma Ermənistana 1 milyard 800 milyon dollar həcmində maddi yardım göstərir. Eyni zamanda BMT-də Ermənistanın xeyrinə səs verir. Belə bir vəziyyətdə Dağlıq Qarabağ münaqişəsində ABŞ-dan yardım gözləmək məntiqsizlikdir”.
Amerika istəyir ki, Türkiyə və Azərbaycan Ermənistana güzəştə getsinlər. Ona görə də Klinton dedi ki, Türkiyə-Ermənistan münasibətlərində top Türkiyə tərəfdədir - Z.Əlizadə vurğuladı.