Tərtər rayon Polis Şöbəsinin rəis əvəzi İzzət Əsgərov: "Rayonda qarşıdurma artıq yatırılıb və hər şey nəzarət altındadır"
Azərbaycan Servisi/Aran Agentliyi
Daxili İşlər Nazirliyinin bəzi rəhbər şəxsləri Tərtərə gediblər. Məcburi köçkünlərlə yerli sakinlər arasında baş verən toqquşma ilə əlaqədar “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi başlanıb
Azərbaycanın Tərtər rayonunda yerli sakinlərlə məcburi köçkünlər arasında baş verən qarşıdurma yatırılıb. Bu barədə APA-ya açıqlamasında Tərtər rayon Polis Şöbəsinin rəis əvəzi İzzət Əsgərov məlumat verib. Onun sözlərinə görə, sözügedən münaqişə ötən ayın 15-dən başlayıb. Həmin tarixdə Ağdamın Şotlanlı kəndindən olan bir qrup məcburi köçkünlə yerli sakinlər arasında dava düşüb: “Həmin davada Şotlanlı kəndindən olan bir qrup məcburi köçkün yerli sakinlər tərəfindən döyülüb. Dərhal baş vermiş hadisə ilə bağlı rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi qaldırılıb. Bu gün isə döyülən məcburi köçkünlər rayon mərkəzinə gələrək yerli sakinlərə hücum ediblər”. İ. Əsgərov həmçinin baş vermiş qarşıdurma nəticəsində bir neçə nəfərin xəsarət aldığını və onlardan ikisinin polis əməkdaşı olduğunu qeyd edib: “Baş vermiş hadisə ilə bağlı təhlükəsizlik tədbirləri görülüb. Daxili İşlər Nazirliyinin rəhbərliyindən də rayona nümayəndələr gəlib. Qarşıdurma artıq yatırılıb və hər şey nəzarət altındadır”.
İ. Əsgərov həmçinin baş vermiş qarşıdurma ilə bağlı Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) maddəsi ilə cinayət işinin başlandığını və araşdırmaların davam etdirildiyini bildirib: “Hazırda başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. İlkin məlumata görə, qarşıdurmaya şəxsi münasibətlər zəminində baş vermiş münaqişə səbəb olub. Hadisənin baş verməsinin dəqiq səbəbləri aydınlaşandan sonra fakta hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, məlum hadisə bu gün 15.00 radələrində qeydə alınıb. Ağdamın Şotlanlı kəndindən olan və Tərtərdə məskunlaşmış məcburi köçkünlərlə yerli sakinlər arasında baş vermiş qarşıdurma nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisi polis əməkdaşıdır. Xəsarət alan Tərtər RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi polis mayoru İlqar Fərəcov və RPŞ-nin digər əməkdaşı polis mayoru Həsən Məmmədov xəstəxanaya yerləşdiriliblər.
Qarşıdurmanın iştirakçısı olan 4 yerli sakin saxlanılıb. Hazırda baş vermiş qarşıdurmanın yatırılması istiqamətində tədbirlər davam etdirilir.
Məcburi köçkünlərlə vəhhabilər arasında qarşıdurma
Tərtərdə bir qrup ağdamlı məcburi köçkünlərlə yerli sakinlər arasında qarşıdurma baş verib. Bu barədə APA-nın Qarabağ bürosuna məlumat verən sakinlər bel, yaba, balta və başqa alətlərlə silahlanan tərəflər arasında ilk toqquşmanın şəhərin mərkəzi küçələrindən birində baş verdiyini deyiblər. Şəhərdə güllə səsləri də eşidilib. Baş verən toqquşmada 6 nəfər yaralanıb. Bundan başqa bəzi adamlar şəhərdə bir neçə ticarət obyektini yandırmağa cəhd ediblər. Lakin alovun qarşısı yanğınsöndürən briqadalar tərəfindən alınıb.
İki qrup arasında qarşıdurmanın baş verməsi haqda məlumat Tərtər rayon İcra Hakimiyyəti və Tərtər rayon Polis Şöbəsindən təsdiqlənsə də, hadisə şərh edilməyib. Hazırda hadisə yerinə DİN daxili qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinin əsgər və zabitləri gətirilib. Yerli sakinlər insidentin tərəflərindən birinin vəhhabilər olduğunu iddia edir.