Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Azərbaycan reallığından xəbərdar olan hər bir kəs, Amerikanın dünyanın hər bir nöqtəsində olduğu kimi Azərbaycanda da nə dərəcədə nüfuz, daha açıq desək ixtiyar sahibi olduğunun şahidi olarıq. Deyə bilərik ki, Amerika bütün dünyada müharibə aparır. Ancaq bu müharibələr müxtəlif sahədə aparılır. Əsasən də beynəlxalq sionist mərkəzlərinin külli miqdarda pulundan yararlanan Amerika, bu açıq müharibəni media və mədəniyyət sahəsində daha geniş aparmaqdadır.
Mən sadəcə Azərbaycandan söz açmaq istəyirəm. Çünki Azərbaycanın həqiqi müstəqilliyi mənim üçün daha önəmlidir. Bir çox hallarda Amerika dövləti və səfirinin Azərbaycan haqda sanki ağa və nökər kimi rəftarlarını gördükdə müstəqil Azərbaycandan xəcalət çəkirəm. Azərbaycanın taleyi ağ evdə həll olunur, torpağını almağa icazə vermir, hərb yolla müharibə etdiyi təqdirdə Azərbaycanı hədələyir və sair... Amma bütün bunlar hər şeyin sonu deyil, "söz azadlığı", "demokratiyaya yardım", "insan haqları" və bu kimi yalnız ABŞ mənafeyinə xidmət edən, yeri gələndə isə elə bu ölkə tərəfindən utanmadan ayaq altına atılan dəyərlərlə Azərbaycanı mədəni və ictimai cəhətdən işğal altına alan Amerikanın mənafeyinə uyğun "Soros" və bu kimi fondları, "hərəkat" və "təşkilatları" cəmiyyətə soxularaq, hər şeydən bixəbər gəncləri bir-iki dəfə Amerika və sair Qərb ölkələrinə səfər etdirib, yeri gələndə 5-10 min dollar da ciblərinə basaraq onların saf duyğularını oğurlayır, istədikləri şəkildə istifadə edirlər. Bu gün Amerika, Azərbaycanda belə "gənc yazar və hərəkatları" işə salaraq, onların vasitəsi ilə yeni siyasət aparmaqdadır. Təsadüfi deyil ki, Klinton iki gün öncəki səfərində illərdir onların ətəyindən bərk-bərk yapışaraq demokratiyaya dəstək verməsini istəyən müxalifətlə deyil, məhz "gənc amerikaçılarla", daha doğrusu Amerikanın Azərbaycanda yalanlarını doğru təqdim edə bilən gənclərlə görüşdü. Görünür artıq Amerika, Azərbaycan hökumətindən "həmişəki kimi demokratiya" tələbi etmək fikrində deyil, sadəcə Azərbaycanın gələcəkdə daha da müstəqilləşərək bu istismarçı ölkənin caynağından qurtarması təhlükəsindən ehtiyatlanır. Elə bu baxımdan da bəzən söyüşü belə müəyyən qədər qəbul edə biləcək gəncləri ortaya ataraq, onlardan öz mənafeyi üçün istifadə etməkdədir. Ancaq Amerika Azərbaycanda əsasən nədən qorxmaqdadır? Analitiklərə görə, Amerika həmişə İslamın kökü olan şiə məzhəbindən ehtiyatlanır. Onlar bunu İran inqilabında, Hizbullah təşkilatının ciddi formalaşmasında və adıçəkilən təşkilatın Livanın İsrail işğalçılarından qurtarmasında və bu ölkə müstəqilliyinin yenidən bərpa edilməsində apardığı əzmin, həmçinin Yəmən və İraqda da şahidi olmaqdadırlar. Azərbaycanın 90 faizə kimi şiə əqidəsinə malik olmasını nəzərə alsaq, strateji maraqlarını təmin etmək istəyən ABŞ üçün bu əqidə gələcəkdə təhlükə doğura bilər. Elə bu baxımdan da, bu ölkə və onun Azərbaycandakı səfiri və "xeyriyyə" fondu və təşkilatları məharətlə İslama, əsasən də şiəliyə qarşı gizlin müharibə aparmaqdadırlar. Bu siyasətin aparılmasında isə yuxarıda qeyd etdiyimiz gənclər ən optimal variant kimi Amerika mütəxəssislərini diqqətini cəlb edib. Artıq İslama qarşı planda İran faktoru bu mənfi təbliğatın aparılması yolunda əsas yer tutur. Yəni, Azərbaycanda mənfi obraz kimi formalaşdırılmış İran, həmişə vurulmalı və bunun ardınca sanki İslamın və xüsusən şiəliyin məhz İrandan qaynaqlandığı düşüncəsini cəmiyyətin fikirlərində diktə etmək, bu planın əsas prioriteti kimi müəyyənləşdirilib. Burada bir haşiyəni çıxmaq istərdim ki, şiəlik Azərbaycana İrandan gəlməyib. Şiəliyin İranda və Azərbaycanda yayılması Şah İsmayıl Xətayi ilə bağlıdır ki, onun da azərbaycanlı olmasında yəqin şübhə yeriniz yoxdur.
Müsəlman ölkəsində öz əqidəsindən, daha doğrusu İslamın həqiqi maarifindən uzaq düşərək, kimlərinsə təqdim etdiyi mənfi simalı İslamdan "xəbərdar" olan, bunun nəticəsində özlərini ateist (Lenin ideologiyasının davamçıları) bilən gənclər, Amerikanın gülər üzlə qurduğu tələnin qurbanına çevrilir. Və nəticə etibarilə bu gün İslama qarşı aparılan siyasətə qarşı çıxan Azərbaycanın müsəlman xalqı, İran faktoru ilə vurularaq, "oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı" vəziyyətinə düşür. Azərbaycan mediasını tam əlinə alan ABŞ və onun Azərbaycandakı səfirliyi isə, bu media vasitəsilə öz əlaltılarına çox məharətlə haqq tərəfdarları kimi qələmə verməkdədir. Bu gün Azərbaycan öz müstəqilliyini tam şəkildə qazanmaq istəyirsə, öz xalqına arxalanan bir hökumətə malik olmalı və bu kimi müdaxilələrdən canını qurtarmalıdır.