Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda fəaliyyət göstərən ali və elmi təhsil müəssisələrinin hansılarında doktoranturaya qəbulun mümkün olub-olmaması Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin rəyləri, Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşəcək. Bu barədə AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu Nazirlər Kabinetinin bu günlərdə təsdiqlədiyi “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, doktoranturaların yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim edilməlidir. Xatırladaq ki Azərbaycanda ilk dəfə olaraq doktoranturaya qəbul keçiriləcək. Buna qədər isə keçmiş sovetlərdən qalan təhsil sisteminə uyğun doktorluq elmi dərəcəsi alınırdı.