Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan Prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini vurğulayıb. Misirin neft naziri Samih Fehminin Azərbaycana səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.Misirin neft naziri Samih Fehmi Azərbaycana səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən təəssüratlandıqlarını vurğulayıb. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu deyən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə edib.