Həşəratlar sürüsü paytaxta yaxınlaşmaqdadır, ekoloqlar yeni fəlakət barədə həyəcan təbili çalır
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən ay aran rayonlarında baş vermiş sel fəlakəti daha ağır fəsadlara yol açıb. İndi də bölgəni Mərakeş və Asiya çəyirtkələri başına götürüb. Bölgədən əldə etdiyimiz məlumata görə, son günlər çəyirtkə sürüləri yeganə yaşıllıq ərazisi olan Ələt-Hacıqabul magistral avtomobil yolunun Nəvahi-Hacıqabul hissəsinin sağ və sol tərəflərindəki 20-25 hektar ərazidə bir neçə növ ağac və kol cinslərinin yarpaqlarını yeyərək onları tamamilə çılpaq vəziyyətə salıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ziyanvericilərlə Mübarizə İdarəsi, Fövqəladə Hallar Mərkəzi və yerli qurumlar tərəfindən tədbirlər (dərmanlama, gübrələmə, əlavə becərmə və suvarma işləri) görülməsinə baxmayaraq vəziyyətdən hələ də çıxmaq mümkün olmayıb. Havaların isti keçməsi isə vəziyyəti daha da gərginləşdirib.
Ən dözülməz vəziyyət “İpək yolu” boyunca salınmış yaşıllıq zolağında qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, çəyirtkələr bir neçə gün ərzində ETSN tərəfindən salınmış yaşıllıqları məhv edib: “Çəyirtkə sürüləri təkcə iynəyarpaqlı ağaclara toxunmayıb”.
Bəzi məlumatlara görə, çəyirtkə sürüləri sürətlə Bakıya istiqamət götürüb. Hazırda onlar paytaxt Bakıya doğru “İpək yolu” boyunca salınmış yaşıllıqları məhv etməkdədir. Ekspertlərin fikrincə, fəlakətin qarşısı alınmasa, saniyədə 10 metr uçan həşəratlar Bakıya və Abşeron yarımadasına çata bilər. Xatırladaq ki, Hacıqabulla Bakı arasında 120 kilometr məsafə var. Bu isə o deməkdir ki, təhlükə heç də uzaqda deyil. Mütəxəssislərə görə, belə vəziyyətdə ən böyük təhlükə Milli Elmlər Akademiyasının Nəbatət bağı üçün yaranacaq. Çəyirtkələr bağdakı yaşıllıqları bir neçə saatın içində məhv edə bilər.
Mərkəzi Nəbatət bağının direktoru, akademik Oruc İbadlı çəyirtkə sürüsünün Bakıya yaxınlaşmasını fəlakət adlandırıb: “Mərakeş və Asiya çəyirtkələri qabaqlarına çıxan yaşıllıqları məhv edir. İsti günlərdə bu çəyirtkələr sürətlə artır. Təsəvvür edin, onlar Abşerona gəlib. Görün bölgə nə vəziyyətə düşər. Amma bununla belə onu da deyim ki, Nəbatət bağına elə təhlükə yoxdur. Bağ hasarla əhatə olunduğundan içəriyə çəyirtkə keçə bilməz. Digər tərəfdən buradakı ağacların əksəriyyəti iynəyarpaqlı olduğundan həşəratlar onlara ziyan yetirə bilməz. Adı çəkilən çəyirtkələr əsasən cavan ağacları məhv edir. Bu fəlakətin qarşısı alınmazsa bölgədə vəziyyət ağır ola bilər. Yəqin ki, səlahiyyətli qurumlar bioloji və kimyəvi mübarizədən istifadə edərək çəyirtkələrin Bakıya gəlməsinin qarşısını alacaq. Əks halda Bakıda yaşıllıqdan əsər-əlamət qalmaz. Ümumiyyətlə, çəyirtkələr əsasən taxıl zəmilərinə ciddi ziyan vurur”.
Mütəxəssislər çəyirtkələrin artmasını sellə əlaqələndirirlər. Onların fikrincə, su altında qalan on minlərlə hektar əkin sahələri çəyirtkələrin Hacıqabula və Bakı ətrafına gəlib çıxmasına səbəb olub. Havaların isti keçməsi isə vəziyyəti daha da ağırlaşdırıb.