Tarix : 2010 Jul 12
Kod 18321

ABŞ MÜXALİFƏTƏ TELEVİZİYA AÇIR

Yaxud bunu edəcəyi ilə hakimiyyəti təhdid edir
Azərbaycan Servisi/Aran Agentliyi
“ABŞ-a bağlı müəyyən təsisatlar Azərbaycan müxalifətinə televiziya açır, ya da bunu edəcəyi ilə hakimiyyəti təhdid edir”. Bu barədə adının açıqlanmasını arzu etməyən mötəbər mənbədən məlumat almışıq. Doğrudur, belə bir məlumat bir neçə gün öncə də qəzetimizə fərqli redaktədə daxil olmuşdu. O zaman da bu layihənin məkanı və təyinatı düzgün göstərilmişdi. Sadəcə, layihənin sahibi və buradakı əsas fiqur barədə bilgi əksikliyi vardı. İndi məlumatlar tamamlanıb və səhnə tam aydındır.
Həmin məlumatlara görə, ABŞ dolayısı ilə Azərbaycan müxalifəti üçün televiziya açmaq üçün start verib və bu istiqamətdə ciddi məsafə də qət olunub. Olası televiziyanın mərkəzi Türkiyədə yerləşəcək və Türksat üzərindən yayımlanacaq. Redaksiya heyəti isə azərbaycanlılardan - əsasən müxalifət yönlü jurnalistlərdən təşkil olunacaq. Televiziyanın rəhbərliyinə Türkiyədə yaşayan bir azərbaycanlı professor dəvət olunub. Başqa bir neçə tanınmış jurnalistlərlə də söhbət aparılıb. Onların bu cür təklifə necə cavab vermələri barədə isə məlumat yoxdur.
Diplomatik korpusla sıx əlaqələri olan başqa bir mənbənin verdiyi məlumata görə, sözügedən telekanalın açılmasının xeyir-duası gerçəkdən də Vaşinqtondan verilib. Həmin mənbə də iddia edir ki, layihənin reallaşması istiqamətində bir sıra ciddi addımlar da atılıb: “Hətta sözügedən telekanala rəhbərlik edəcək şəxslərin yaxın xarici ölkələrdən birinə çağırılıb, söhbətlərin aparılması haqda informasiyalar var”.
Xəbərdə iddia edilir ki, layihə çoxdan mövcuddur, hətta 2005-ci ildə bu istiqamətdə daha ciddi addımlar atılmışdı. Televiziya Polşada qeydiyyatdan keçmiş, onun idarə heyəti müəyyənləşmişdi. Müxbirimizin xatırladığına görə, gerçəkdən də belə bir televiziya qeydiyyatdan keçirilmiş, Eldar Namazov, Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev kimi tanınmış simalar onun təsisçiliyinə gətirilmişdilər. Sonradan ABŞ-ın bu layihədən qəfil imtina etməsi səbəbindən o, yarımçıq qalmışdı. İndi mənbələrimiz iddia edirlər ki, həmin yarımçıq layihə yenidən dirildilir.
“Yaradılan müxalifət yönlü televiziyanın adı da maraqlıdır. ”Azadlıq" televiziyası! Görünür, ABŞ Azərbaycan iqtidarına onun radiolarını FM tezliyindən qovmağı bağışlamır".
Diplomatik mənbələrə yaxın olan qaynağımız onu da iddia edir ki, ABŞ bu layihə ilə həm də Azərbaycan iqtidarını təhdid edir: “Əgər Amerikanın radiolarını FM tezliyinə qaytarsalar, müxalif televiziya layihəsi bu dəfə də gerçəkləşməyə bilər. Hakimiyyət yenə də saymazlıqdan gəlsə və ABŞ-ın tələblərini qulaq ardına vursa, mümkündür ki, bundan ən çox qazanan Azərbaycan müxalifəti olacaq... ”
Qeyd edək ki, ABŞ-a bağlı olan bəzi təsisatlar Gürcüstanda və Ukraynada zamanında (narıncı inqilablardan əvvəl) müxalif düşərgə üçün televiziyalar açmışdı və sonradan bu televiziyalar hakimiyyət dəyişikliyində mühüm rol oynadılar...
  • Yazılıb
  • da (də) 2010 Jul 12