Tarix : 2010 Jul 13
Kod 18339

TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDİNİN AÇILIŞI MÜZAKİRƏYƏ ÇIXARILIR

Ermənistanda və Türkiyədə iki ölkə arasındakı sərhədlərin sentyabrda ən azından müvəqqəti açıla biləcəyinə dair məlumatlar yayılır
Türkiyə Servisi/Aran Agentliyi
Digər məlumatlara görə, Türkiyənin Ermənistanla sərhəd bölgələrində magistral yollar təmir olunur, dəmir yol stansiyasında işlər gedir və sanki hər şey sərhədlərin açılması üçündür. Bütün bunlar rəsmi Ankaranın Sürix protokollarının ratifikasiyası üçün Qarabağ şərtinə sadiq qaldığı barədə mövqeyi ilə ziddiyyət təşkil edə bilər. Baxmayaraq ki, bu günlərdə xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin mövqeyinin dəyişməz qaldığı haqda növbəti dəfə açıqlama verib.
Hökumətə yaxın KİV-lər isə belə xəbərlər yayır ki, yaxın aylarda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində ciddi gəlişmələr gözlənilir. Bəzi yazarlara görə, paralel olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələsində də konkret nəticələr əldə olunacaq. Lakin belə məlumatlar da var ki, Sürix protokollarının ratifikasiya olunması və beləliklə də sərhədlərin açılmasının həllini tapması yaxın aylarda real olmasa da məsələnin digər həlli yolu da var. Bu, Türkiyənin Ermənistana növbəti jest kimi sərhədləri sentyabrda müvəqqəti açması ola bilər. Belə ki, Türkiyə tərəfi Van bölgəsində restavrasiyadan sonra muzey kimi fəaliyyət göstərən qədim erməni kilsəsi Surab Xaçın ibadət üçün açılmasına icazə verib. Sentyabrın 19-da kilsədə Ermənistandan da gələn çoxsaylı ziyarətçilərin və din adamlarının iştirakı ilə ibadət mərasimi olmalıdır. Məlumatlar var ki, həmin vaxt Türkiyə tərəfi Ermənistandan gələnlərin sayının çoxluğunu nəzərə alaraq sərhədlərin 3 günlüyə açılmasına icazə verə bilər.
ABŞ-ın Ermənistandakı səfirinin müavininin arvadı, türk əsilli tanınmış analitik Amberin Zaman da hesab edir ki, Sürix protokollarının ratifikasiyası yaxın vaxtlarda real olmadığı üçün Ankara Ermənistanla normallaşma prosesini canlandırmaq istiqamətində bəzi addımlar ata bilər. Bu addımlardan biri də sentyabrda Ermənistandan Van kilsəsinə ibadət üçün gələnlərə sərhədlərin açılmasıdır. A.Zaman hesab edir ki, Türkiyə digər addımlar da ata bilər. Bura Ermənistandan elektrik enerjisinin idxal edilməsi, Qars-Gümrü dəmir yolunda hərəkətin bərpası, ümumerməni katolikosu II Qareginin Axtamar kilsəsindəki ibadətə dəvət edilməsi və onun sərhəddən keçidinə icazə verilməsi, İrəvanda ticarət ofisinin yaradılması, Vandakı qədim erməni abidələrinə baş çəkmək üçün gələn erməni turistləri üçün viza rejiminin sadələşdirilməsi daxildir.
Bəs erməni tərəfi bunun əvəzində hansı addımları ata bilər? Ekspertə görə, Ermənistan ən yüksək səviyyədə bəyan edə bilər ki, öz qoşunlarını Qarabağdan və ətraf ərazilərdən çıxarmağa hazırdır. Həmçinin İrəvan Türkiyənin mövcud sərhədlərini tanıdığını elan etməlidir. Eyni zamanda Türkiyəni Azərbaycanla birləşdirən və Naxçıvandan keçən dəmiryolunun istifadəsinə icazə verməlidir.
Qeyd edək ki, bütün bu müzakirələr ABŞ dövlət katibi Hillari Klintonun regiona səfərindən sonraya təsadüf edir. Dövlət katibi İrəvanda olarkən Türkiyəni Sürix protokollarını ratifikasiya etməyə çağırmışdı. H.Klintonun Bakıda Ermənistan-Türkiyə münasibətlərini müzakirə etdiyi də bildirilir (qeyd edək ki, onun özü bu barədə heç bir açıqlama verməyib).
Bəs Klintonun səfərindən sonra Ermənistanla Türkiyə arasında sərhədlərin müvəqqəti, yaxud birdəfəlik açıla biləcəyinə dair müzakirələrin başlaması nədən xəbər verir? Mümkündürmü ki, rəsmi Bakı bu məsələ ilə bağlı mövqeyini dəyişsin və sərhədlərin açılmasına mane olmayacağını bildirsin?
Məsələ ilə yaxından tanış olan mənbələr deyirlər ki, əgər yaxın aylarda ABŞ-ın da səyləri ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda əhəmiyyətli irəliləyiş baş versə, o zaman Bakı sərhədlərin qismən açılmasının əleyhinə çıxmazdı. Eyni zamanda Türkiyə hökuməti də bu məsələdə Azərbaycanı bir kənara qoymağın mümkün olmadığını praktikada hiss edib. Deməli, sərhədlərin açılmasına dair müzakirələrin getməsi Qarabağ danışıqlarında nəticənin əldə edilməsi ehtimalının artmasından irəli gələ bilər. Yəni Ankarada belə məlumat var ki, Qarabağ danışıqlarında yaxın aylarda razılaşmanın əldə edilməsi mümkündür.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 13