Tarix : 2010 Jul 15
Kod 18372

Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana səfərə gəlib

Azərbaycan və Mavritaniya dövlət başçılarının təkbətək görüşü keçirilib
Azərbaycan Servisi/Aran Agentliyi
Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycana səfəri başlayıb. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, ölkəmizdə rəsmi səfərdə olan Mavritaniya prezidentinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. Azərbaycan prezidenti İlham Əliyev Mavritaniya prezidenti Məhəmməd Uld Əbdüləzizi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Mavritaniya Prezidentinə raport verib. Mavritaniyanın və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Mavritaniya Prezidenti Azərbaycan əsgərlərini salamladıqdan sonra Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Məhəmməd Uld Əbdüləzizə, Mavritaniya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Daha sonra dövlət başçıları rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Mavritaniya prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensial imkanların olduğu vurğulanıb, bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edilib. Görüşdə həmçinin ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 15