Azərbaycan Türkiyə və Braziliyanın İranın nüvə proqramı üzrə təşəbbüsünün tərəfindədir
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda Azərbaycan və Portuqaliya XİN rəhbərləri - Elmar Məmmədyarov və Luis Amadonun bugünki danışıqları zamanı İranın nüvə proqramı məsələsi müzakirə olunub. Bu barədə Məmmədyarov portuqaliyalı jurnalistin İranın nüvə proqramı və bu problemlə bağlı Braziliya-Türkiyə təşəbbüsünün müzakirə edilib-edilməməsi barədə suala cavabda bildirib. Təsdiqləyici cavab verən Məmmədyarov Braziliya və Türkiyənin təşəbbüsünü "vaxtında" irəli sürülən təşəbbüs adlandırıb və əlavə edib ki, bu, İranın nüvə proqramına etimadın artırılması nöqteyi-nəzərdən mühüm addım olub. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da etimadın artırılmasına yönəldilmiş belə addımları dəstəkləyəcək. İki ay əvvəl Türkiyə, Braziliya və İran diplomatlarının imzaladığı sazişə əsasən, İran az zənginləşdirilmiş uranı Türkiyəyə göndərərək, bunun müqabilində yüksək zənginləşdirilmiş uran alacaq. Mübadilənin Türkiyə ərazisində həyata keçiriləcəyi nəzərdə tutulurdu. Saziş çərçivəsində İran 120 kiloqram nüvə yanacağı əvəzində 1,2 ton az zənginləşdirilmiş uranı Türkiyəyə göndərməyə hazırdır.