Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü iyulun 21-də şəhid gizir seyyid Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələbi ilə aksiyalar keçirib. Aksiyaçılar əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi qarşısında toplaşıb nümayəndəliyin Azərbaycanda fəaliyyətindən narazılıq sərgiləyiblər. Onların fikrincə, qurum şəhid gizirin meyitini geri almaq üçün heç nə etmir. Daha sonra aksiyaçılar Müdafiə Nazirliyinin qarşısına toplaşıblar. Müdafiə nazirinin müavini polkovnik Vaqif Məmmədov və mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu aksiya iştirakçılarının qarşısına çıxmış, nazirliyin meyitin qaytarılması istiqamətində gördüyü işlər baradə məlumat veriblər. İyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgəri öldürərək şəhid olan Azərbaycan ordusunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun meyiti o vaxtdan ermənilərin əlindədir.