Tarix : 2010 Jul 28
Kod 18485

AZƏRBAYCANDA NƏ QƏDƏR İŞSİZ VAR?

Rəsmi statistika 40 min deyir, ekspertlərə görə isə yüz minlərlə
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycanda rəsmi işsizlərin sayı 40 mindir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2010-cu il iyulun 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 4 337.4 nəfər olub. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev “Azadlıq” radiosuna açıqlamasında ölkədə 40 min işsizin olması ilə bağlı açıqlanmaların yalan olduğunu deyib.

“Diqqət yetirirsinizsə, son yeddi-səkkiz ildə ölkədə 800 mindən çox iş yerinin açılmasından danışılır. Amma eyni vaxtda da işsizlik səviyyəsinin çox aşağı, elə 40-50 min işsizin olduğu deyilir. Onların dediyinə inansaydıq, onda ölkədə yaradılmış bu qədər iş yeri üçün elə bir o qədər də miqrant gəlməli idi. Halbuki, əmək miqrantlarının sayı da yüz minlərlə ölçülmür”. Ekspertin sözlərinə görə, rəsmilərin dilindən çıxan rəqəmlər arasında ziddiyyətlər var: “Məsələn, rəsmi məlumatlara görə, Azərbaycanda əmək qabiliyyətli insanların təxminən beş faizi işsizdir. Bu da təbii ki, 40 mindən daha çoxdur. Yəni bu halda yetərincə böyük rəqəmdən söhbət gedir. Ölkədə əmək qabiliyyətli əhalinin sayı 4 milyondan çoxdur. Bunun da beş faizini götürəndə o zaman işsizlərin sayı yüz mindən çox edirE”
Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov da işsizliklə bağlı açıqlanan rəqəmləri şübhə ilə qarşılayır. Onun sözlərinə görə, ölkədə işsizlərin sayı bundan daha çoxdur. Sadəcə, burda söhbət rəsmən işsiz kimi siyahıya alınanlardan gedir: “Təbii ki, insanlarımızda bir xüsusiyyət var, onlar işsiz statusu almaq üçün harasa müraciət etmirlər. Məsələn, aqrar sektorda bir milyon yarım insan çalışır. Fərdi təsərrüfat sahibləri kimi sığorta olunsalar belə, özlərini işsiz sayırlar. Amma statistikaya düşmək üçün məşğulluq idarələrinə müraciət etmək lazımdır. Statistika Komitəsinin məlumatları rəsmi müraciətlərə əsaslanır. Ancaq hamı bilir ki, işsizlərin sayı yetərincə çoxdur”.
Müşahidəçilər hesab edirlər ki, Dövlət Statistika Komitəsi qeydiyyatda olan işsizlərlə yanaşı, qeydiyyata düşməyən işsizlərin də siyahısını açıqlamağa borcludur. N.Məmmədov bunun mexanizminin olmadığını desə də, A.Mehtiyev başqa fikirdədir. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi ölkə üzrə işsizlik səviyyəsi haqda bütün məlumatları dərc etməyə borcludur.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 28