Tarix : 2010 Jul 28
Kod 18488

İran bu gün bütün sualları cavablandıracaq

İran bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüvə yanacağı mübadiləsi ilə bağlı suallarını cavablandıracaq
İİR Servisi/Aran Agentliyi
İran bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüvə yanacağı mübadiləsi ilə bağlı suallarını cavablandıracaq. İranın xarici işlər naziri Manuçöhr Mottaki Türkiyənin İstanbul şəhərində İran, Türkiyə və Braziliya xarici işlər nazirlərinin görüşündən sonra bu barədə bildirib. Bu, BMT-nin Təhlükəsizlik Şurasının iyunun 9-da İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı 1929 saylı qətnaməni qəbul etməsindən sonra 3 ölkə arasında baş tutan ilk görüş olub.
Manuçöhr Mottaki görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İran ABŞ, Rusiya, Fransa və MAQATE-dən ibarət Vyana qrupunun 17 may Tehran bəyannaməsi ilə bağlı suallarına cavab verəcək. “Sabah bu məktub Vyanaya – MAQATE-yə göndəriləcək və biz yanacaq mübadiləsinin təfərrüatlarına dair danışıqlara dərhal başlaya biləcəyik”, – deyə Manuçöhr Mottaki qeyd edib. O, əlavə edib ki, bu mübadilənin necə baş verəcəyinə dair bütün təfərrüatlar isə Vyanadakı müzakirə və danışıqlardan sonra bəlli olacaq.
İranlı nazir bir daha təkrar edib ki, İran 5+1 formatına daxil olan ölkələrlə sentyabrda müqəddəs Ramazan bayramından sonra danışıqları yeniləməyə hazırdır. İranın xarici işlər nazirinin sözlərinə görə, rəsmi Tehran Türkiyə və Braziliyanın da danışıqlarda iştirak etməsini istədiyini, lakin bunun bir şərt olmadığını da qeyd edib. “Türkiyə və Braziliyanın iştirakından asılı olmayaraq, Vyana qrupu İranla danışıqlar aparacaq”, – deyə o bildirib.
Bu ərəfədə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, cavab məktubu rəsmi Tehranın Vyana qrupu ilə “texniki danışıqlara” başlamağa hazır olduğunu ifadə edəcək. O, həmçinin məsələyə cəlb edilmiş bütün tərəflərin dəvəti əsasında Türkiyə və Braziliyanın da danışıqlara qoşulmağa hazır olduqlarını deyib.
Xatırladaq ki, Tehran bəyannaməsinə əsasən, İran Türkiyə ərazisində 1200 kiloqramadək zəif zənginləşdirilmiş uranın öz tədqiqat reaktoru üçün yanacaqla mübadiləsinə razılıq verib. Birləşmiş Ştatlar və onun avropalı müttəfiqləri isə bəyannaməni rədd edərək, BMT Təhlükəsizlik Şurasının 4-cü dəfə İrana qarşı sanksiyalar qəbul etməsinə təsir göstərib. Həm rəsmi Ankara, həm də Braziliya bu sanksiyaları pisləyib və bunun İranın nüvə proqramı ilə bağlı gərgin vəziyyətin aradan qaldırılması üzrə cəhdlərə mənfi təsir kimi qiymətləndirib.
“İranın Vyana qrupu ilə görüşlərinə Türkiyə və Braziliya da qatıla bilər. Biz Tehran bəyanatından sonra ilk cavabı verərək görüşə hazır olduğumuzu bildirmişik. Daha sonra digər ölkələrin də cavab məktublarını göndərmələri ilə müddət uzanıb. Vyana qrupu ilə görüşlərdə texniki mövzular və detallar müzakirə ediləcək”, – deyə Manuçöhr Mottaki bildirib.
ANS
 
  • Yazılıb
  • da (də) 2010 Jul 28