Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanıb
Azərbaycan Servisi/Aran Agentliyi
Filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır. Sənədli filmdə Mübariz İbrahimovun valideynləri, komandirləri, döyüş yoldaşları, Milli Qəhrəmanı yaxından tanıyan insanların fikirləri öz əksini tapıb.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva və çəkiliş qrupu Biləsuvar rayonunda olaraq milli qəhrəmanın ailə üzvləri, yaxınları ilə görüşüblər və çəkilişlər aparılıb. Sentyabr ayının əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcək. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.