Türkiyə Servisi/Aran Agentliyi
ABŞ-ın Türkiyə və Azərbaycandakı keçmiş səfiri, Vaşinqtondakı Atlantika Şurası Avrasiya Mərkəzinin direktoru Ross Uilson (Ross Wilson) Konqresi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. Uilson bunu “Türkiyənin yeni xarici siyasət istiqaməti: ABŞ-Türkiyə münasibətlərinə təsiri” mövzusunda iyulun 28-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib. Dinləmələrə qondarma “erməni soyqırımı” qətnaməsini dəstəkləyən Hovard Berman sədrlik edib. R. Uilson Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma olmasa, regionda sülhməramlı, yaradıcı layihə və planları sona çatdırmaq asan olmayacaq: “Təəssüf ki, Ermənistan və Türkiyə liderləri bildiriblər ki, hazırda onlar münasibətlərin normallaşması və sərhədlərin açılmasını nəzərdə tutan protokolları ratifikasiya edə bilməzlər. Məncə, onların hələ də Dağlıq Qarabağ münaqişəsinin və türklərlə ermənilər arasında problemlərin həlli üçün lazım olan etimadı yaratmaq imkanları var”.