ABŞ Konqresində Osmanlı İmperiyası dövründəki erməni üsyanları və daha sonra baş verən olaylar haqqında çəkilmiş “Erməni üsyanı” adlı sənədli film nümayiş etdirilib
Ermənistan Servisi/Aran Agentliyi
Ötən həftə Nümayəndələr Palatasının “Rayburn” binasında erməni yalanlarını əks etdirən saxta “soyqırım” haqqında filmin nümayişindən sonra ölkədəki türk təşkilatları da hərəkətə keçib. Türk-Amerikan Dərnəkləri Assambleyası (ATAA) 1880-1919-cu illərdə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq məqsədilə başlayan silahlı üsyanlardan bəhs olunan sənədli filmin eyni binada nümayişini təşkil edib. ABŞ-ın keçmiş və mərhum prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə müşaviri olmuş Bryus Feyn (Bruce Fein) filmin nümayişindən əvvəl çıxış edərək 1915-ci il hadisələrinin soyqırım olmadığını deyib. O bildirib ki, həmin vaxt sadəcə olaraq ermənilərin Osmanlı İmperiyası daxilində yaşayış yerləri dəyişdirilib. B. Feyn xatırladıb ki, Türkiyə öz arxivlərini açıb və arxivlərdə araşdırma aparacaq beynəlxalq komissiyanın verəcəyi qərarı qəbul edəcəyini elan edib, lakin Daşnaksutyun və “Hnçak” partiyalarının arxivləri isə açılmayıb: “Məncə o vaxt provokasiya məqsədilə terrordan istifadə etdikləri ortaya çıxacağı üçün arxivləri açmaqdan qorxurlar”. B. Feyn Birinci Dünya Müharibəsindən sonra Maltada Osmanlı İmperiyasının yüzlərlə məmurunun mühakimə edildiyini, lakin 1915-ci il hadisələrinin soyqırım olduğuna dair sübut əldə olunmadığını və həbsdəki Osmanlı məmurlarının sərbəst buraxıldığını vurğulayıb. 1915-ci ildə ölən ermənilərin sayı ilə bağlı iddialara toxunan keçmiş müşavir deyib ki, həmin vaxt aclıq, xəstəlik nəticəsində ölən ermənilər və müsəlmanlar da olub.