Tarix : 2010 Jul 31
Kod 18519

''Məşhədi Dadaş'' məscidindən Cümə reportajı

Bir çox məktəblər mövcud olub. Lakin onların heç biri insanlığı tam əhatə edə bilməyiblər, hərəsi bir guşəni görüb, həqiqət olduğu kimi dəyərləndirə bilməyiblər
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən "Məşhədi Dadaş" məscidində hər cümə olduğu kimi izdihamlı Cümə namazı qılınıb.

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata əsasən, namazdan öncə Hacı Şahin Həsənli möminlərə və özünə İlahi təqva arzulayıb, sonra isə iki xütbəylə müraciət edib.

Birinci xütbəsində Hacı Şahin İmam Zaman (ə.f.) haqda və Onun zühurundan sonra cəmiyyətin düzənindən söz açıb. İmam Cümə deyib: "Bir çox məktəblər mövcud olub. Lakin onların heç biri insanlığı tam əhatə edə bilməyiblər, hərəsi bir guşəni görüb, həqiqət olduğu kimi dəyərləndirə bilməyiblər. Onların danışdıqları sözlərlə əməlləri biri-birinə uyğun olmayıb. Elə bu gün də ətrafa nəzər salsanız, eyni mənzərəni müşahidə edəcəksiniz. Dünən gözəl sözlər danışanlar iqtidara gəldikdə artıq verdikləri vədlərin əksinə hərəkət edirlər. Artıq insanlar bütün məktəblərdən yorulublar və hətta deyirlər ki, bəşəriyyətin ümumiyyətlə heç bir məktəbə, ideologiyaya ehtiyacı yoxdur…".

Hacı Şahin İmam Zamanın (ə.f.) zühuruna işarə edərək, deyib: "İslam bəyan edir ki, ümumbəşəri bir inqilaba hazır olun. O inqilab baş verdikdən sonra dünya hazırki prinsiplərin əksi olan dəyərlər əsasında idarə ediləcək. İmam Zaman Ağanın hökuməti dünyanı əhatə edəcək. Bildiyiniz kimi İmam Zaman (ə.f.) yarıqərbli, yarışərqlidir. Atası ərəbdir, İmam Həsən Əsgəri (ə). Anası isə romalıdır, islama xristianlıqdan gələn Nərgiz xanım. Burda da İlahinin böyük hikməti var. Əlbəttə ki, insanın milləti Allah yanında əhəmiyyətli deyil. Ancaq insanlar bu məsələyə çox həssasdılar. Elə buna görə də İmam Zaman (ə.f.) dünyanın iki qütbünü bir araya gətirən varlıqdır…".

İmam Cümə İmam Zamanın (ə.f.) zühurundan sonra azad düşüncənin bərqərar olacağına da işarə edib: "Bəziləri düşünürlər ki, o zaman yalnız İmamın dəqiq göstərişləri yerinə yetiriləcək. Amma bir düşünək: bəşəriyyət minilliklər bunun üçünmü inkişaf etmişdi? İnkişaf etmişdi ki, sonda robot kimi yalnız əmrlərlə oturub-dursun? Əlbəttə ki, belə deyil. İmam Zaman (ə.f.) gəlməklə insanlara düşünmə haqqını, təfəkkür azadlığını qaytaracaq. Bu zaman xanımı hicab bağlamağa məcbur etmək lazım deyil, kimisə məcburən namaz qıldırmağa ehtiyac yoxdur. Bütün bunları ağıl insana diqtə edəcək…".

İkinci xütbəsində Hacı Şahin Həsənli İmam Zaman Ağanın qeybdə olma səbəblərinə və zühurunun hələ baş verməməsində hər bir müsəlmanın müəyyən rolunun olmasını vurğuladı: "Quranda başımızıa gələn bütün müsibətlərin təməlində öz əməllərimizin dayandığı buyrulur. Bir məsələyə diqqət yetirmək lazımdır. Günah edirik, tövbə edirik, Allah bizləri bağışlayır. Amma haqqun-nas (insanın haqqı) fərqli məsələdir. Birinin qəlbinə dəyib, sonra ondan halallıq alırıq. Amma onun qəlbinə dəydiyimiz anın təsiri aradan getmir. Gec-tez dünyada bunun qarşılığını görəcəyik. Haqqun-nas olan günahlar belədir… Bəs İmam Zamanın (ə.f.) qeybəti ilə necə, günahlarımız bağlıdırmı? Axı İmamımızdan ayrı düşmüşük! Hədislər buyururlar ki, bununla da günahımızın əlaqəsi var. Əslində başqa bir səbəb də yoxdur. İmamla aramızda hicabın bərqərar olması məhz günahlarımızdır".

Moizəsinin sonunda Hacı Şahin İmam Zamanın (ə.f.) Şeyx Müfidə ünvanladığı məktubun bir hissəsini möminlərin nəzərinə çatdırdı: "İmam buyurub ki, şiələrim 2 şərtə əməl etsələr, özüm onların görüşünə gələrəm. Birincisi budur ki, qəlbləri bir olsun, aralarında ixtilaf olmasın, biri-birilərinin dərdini öz dərdləri bilsinlər. İkincisi isə Allahla bağladıqları əhdə vəfa etsinlər. Bu əhd isə "Yasin" surəsində buyrulur. Yəni Şeytana deyil, Allaha ibadət etsələr. İmam Zaman (ə.f.) buyurur ki, bu iki şeyə əməl olunsa, mənim də qeybətim zamanı uzanmaz".

Sonra isə Hacı Şahin Həsənlinin imamlığı ilə namaz qılınıb, dualar edilib.


İslam-Azeri.az
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 31