Rusıya Servisi/Aran Agentliyi
Rekord səviyyəyə çatan istilər və meşə yanğınlarından yayılan duman təbəqəsi Moskvanı əsarətdə saxlamağa davam edir. İnsanlar daha az dumanlı bölgələrə qaçmağa çalışırlar. Dumanın gedərək qatılaşması səbəbindən hava limalarında təyyarə reysləri təxirə salınır, ya da ləğv edilir. Moskvada minlərlə insanın hava limanlarında gözlədiyi bildirilir. Təyyarə reyslərinin təxirə salınması səbəbindən ən azı 2000 nəfərin hava limanlarında qaldığı qeyd edilir.
Həkimlər kiçik uşağı olanlara və hamilələrə şəhərdən uzaqlaşmağı tövsiyə edir. Moskvanın müxtəlif yerlərində nəfəs almaqda çətinlik çəkən insanlara və yaşlılara yardım üçün oksigen mərkəzləri qurulub. Rəsmi dairələr Moskvadakı hava çirkliliyinin normadan 3 dəfə artıq olduğunu bəyan edirlər. Rusiya Fövqəladə Hallar Nazirliyi ölkənin mərkəzi hissəsində 830 yerdə yanğınların hələ davam etdiyini açıqlayıb. Voronejdə bir qocalar evi yanğın səbəbilə boşaldılıb. Moskva yaxınlığındakı iki həbsxanadakı məhkumların isə başqa həbsxanalara göndərilməsi planlaşdırılır.