Azərbaycan Servisi/Aran Agentliyi
Uelsin paytaxtı Kardiff şəhərində yaşayan Cavid Abbaszadə adlı oxucunun APA-ya verdiyi məlumata görə, Kardiff qalasında asılan Azərbaycan bayrağı qəflətən yoxa çıxıb və onun yerində qondarma Dağlıq Qarabağ rejiminin bayrağı asılıb: “Uelsdə böyük Kardiff qalası yerləşir. Həmin qalanın üzərində bir çox ölkələrin, o cümlədən Azərbaycanın bayrağı asılıb. İki gün əvvəl heç bir səbəb olmadan qalanın üzərindən Azərbaycan bayrağı çıxarılıb və yerinə “Dağlıq Qarabağ” rejiminin bayrağı asılıb”.
C. Abbaszadə bildirib ki, bu hadisə şəhərdə yaşayan azərbaycanlıları çox narahat edib. Azərbaycanlılar qısa müddət ərzində bir çox instansiyalara müraciət edərək həmin bayrağın oradan endirilməsinə nail olublar. Onun sözlərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə də məlumat verilib.