Tarix : 2010 Aug 17
Kod 18654

AXCP-yə YER VERİLMƏDİ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) avqustun 21-nə təyin etdiyi V (VIII) qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salınıb
Azərbaycan Servisi/Aran Agentliyi

AXCP-nin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, bu barədə qərar AXCP Rəyasət Heyətinin iclasında qəbul olunub. Buna səbəb kimi isə tədbirin keçirilməsi üçün yer probleminin olması göstərilib: “Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) bizə edilən təklifinə təəssüf ki, adekvat reaksiya yoxdur. Yenə də uzun mərhələli bir razılaşdırma prosesindən keçmək zərurəti yaranıb. Müraciət etdiyimiz yerlərin heç biri məsuliyyəti üzərinə götürmək istəmir” - deyə, partiyanın sədr müavini Nürəddin Məmmədli bildirib.

Qeyd edək ki, AXCP BŞİH-ə müraciət edərək qurultay keçirilməsi üçün yer ayrılmasını xahiş edib. BŞİH-in AXCP-yə göndərdiyi cavab məktubunda zalların BŞİH-in nəzdində olmadığı diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, hər hansı konfrans zalları, saraylar və ya mədəniyyət evlərinin rəhbərliyi ilə razılaşma əldə etdikdən sonra həmin yerdə avqustun 21-də AXCP-nin növbəti V (VIII) qurultayının keçirməsinə BŞİH etiraz etmir. BŞİH məktubda, həmçinin AXCP-dən keçiriləcək qurultayın yeri və vaxtı haqqında onlara məlumat verməyi xahiş edib.

  • Yazılıb
  • da (də) 2010 Aug 17