Tarix : 2010 Aug 22
Kod 18705

MÜXALİFƏTİN YENİ BİRLİYİ YARI YOLDA QALIB

Sərdar Cəlaloğlu: "Birliyin elan olunması və tərkibi ilə bağlı məsələdə əks tərəfdə bir az fikir ayrılığı var"
Azərbaycan Servisi/Aran Agentliyi
Müxalifət düşərgəsində daha bir seçki blokunun yaranacağı ilə bağlı xəbər vermişdik. Belə ki, bu blokda Azərbaycan Demokrat Partiyası (ADP), Liberal (ALP), Vətəndaş və İnkişaf Partiyası və Ümid partiyalarının birləşəcəyi bildirilirdi. Amma blokun ictimaiyyətə təqdim edilməsi nədənsə ləngiyir. Elə bu sualla ADP-nin sədri Sərdar Cəlaloğluna müraciət etdik. Onun sözlərinə görə birliyin elan olunması və tərkibi ilə bağlı məsələdə əks tərəfdə bir az fikir ayrılığı var: “Ona görə də birliyin təqdim olunması ləngiyir. Konkret olaraq ALP və VİP-də blokun təsisçiləri ilə bağlı problemlər mövcuddur”.
S.Cəlaloğlu təqdimatın gecikmədiyini də qeyd etdi: “Keçən seçkilərdə seçki müddəti 3 ay idi. Ona görə də artıq avqust ayından seçkilər başlayırdı. Seçki ilə bağlı qərarlar da avqustda verilib, icrasına başlanmalı idi. İndi isə seçki vaxtının qısaldılması nəticəsində bu müddət sentyabrın ortalarına təsadüf edəcək. Seçkilərə sentyabrın ortaları start verildiyi üçün bu vaxtdan əvvəl blok yaratmaq və bu kimi işlər görmək qanuna ziddir. Blok yaradılsa da qeydiyyata alına bilməz. Sadəcə ona qədər hazırlıq işləri, namizədlərin razılaşdırılması, blokun fəaliyyətini müəyyənləşdirmək və sair məsələlər var. Əvvəlki təcrübəmiz imkan verir ki, bu problemləri qısa müddət ərzində həll edək”.
 Hələlik blokun yaradılması ilə bağlı qərar olmadığı üçün kimin harada olması haqqında qərar vermək düzgün deyil. ADP siyasi müstəvidə istənilən partiya ilə blok yaratmağa hazırdır. Bu istiqamətdə heç bir problem görmür. Ona görə də biz bütün partiyalarla qapılarımızı açıq saxlamışıq, kim blok yaratmaq istəyirsə, onunla əməkdaşlığa hazırıq – deyə bildirən S.Cəlaloğlu AXCP ilə münasibətlərə də aydınlıq gətirdi: “Hələlik AXCP-Müsavat arasında əlaqələr tam aydınlaşmadığı üçün bir söz deyə bilmərəm. Çünki indiki halda AXCP-Müsavat birliyi istiqamətində danışıqlar gedir. Hesab edirəm ki, bu iki partiya arasında subyektiv problemləri nəzərə almasaq, ən real birlik məhz AXCP-Müsavat birliyidir”.

Eyni suala ALP sədri Əvəz Temirxanın cavabı çox qısa oldu: “Heç bir problem yoxdur və biz müəyyən danışıqlar aparırıq. Daha doğrusu blokun elan olunması qalır. Biz münasib zaman gözləyirik. Hesab edirəm ki, bloku yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik”.

  • Yazılıb
  • da (də) 2010 Aug 22