Tarix : 2010 Aug 28
Kod 18759

AZƏRBAYCAN BANKLARINDA BÖHRAN BAŞLAYIB

Vüqar Bayramov: "Bəzi banklar Əmanətlərin Sığortalanması Fonduna üzvlük haqlarını ödəmək imkanına malik deyillər"
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda bank aktivləri yenidən azalıb. Buna baxmayaraq kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Hansı ki bu da kreditlərin qaytarılmasında ciddi problemlər yaradıb. Məlumatlara görə, vəziyyət o həddə çatıb ki iri kommersiya bankları adi vətəndaşlara istehlak kreditlərinin verilməsində taym-aut götürüblər. Çox dar çərçivədə kredit verilir ki, bu zaman da tələb olunan girov kreditin 2 mislini təşkil edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramovun FaktXeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda bank sektorunun ciddi problemlərindən biri faiz siyasətinin qüsurlu olmasıdır. Bu, hətta zaman-zaman banklarda böhranların yaranmasına gətirib çıxarıb. Onun sözlərinə görə, problemli kreditlərin həcmi 400 milyon manata yaxınlaşıb. Banklar praktiki böhrandan əvvəl etdikləri səhvləri yenidən təkrarlayırlar.
“Bankların həyata keçirdikləri faiz siyasəti banklarda yeni böhrana yol açır” deyən iqtisadçı bildirir ki, Mərkəzi Bankın uçot stavkası bankların faiz siyasətinə, eləcə də maliyyə resursları ilə təminatına təsir göstərmir. Belə ki, Mərkəzi Bankın uçot stavkası 2 faiz olmasına baxmayaraq banklar 20 və bundan daha artıq faizlə kredit təklif edirlər. Bankların kreditlər üzrə faiz dərəcələri Mərkəzi Bankın uçot stavkasından 10 dəfə çoxdur: “Eyni zamanda Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin ümumi bank aktivində payı 5 faizdən artıq deyil”.
İqtisadçının fikrincə, Mərkəzi Bankın uçot stavkası siyasəti kommersiya banklarının faiz siyasətinə təsir etmir. O cümlədən bankların maliyyə resursları ilə təminatında problemlərin aradan qaldırılmasına imkan vermir: “Rəsmi məlumatlara əsasən artıq 12 bank zərərlə işləyir. Hətta bir sıra banklar var ki, onları fəaliyyətlərini, ən azı funksiyalarını belə davam etdirə bilmirlər, sadəcə adları var. Onlar Əmanətlərin Sığortalanması Fonduna üzvlük haqlarını ödəmək imkanına malik deyillər. Bu gün əslində bank sektorunda vəziyyət durğunluq kimi görsənsə də bu durğunluq yaxın zamanlarda həmin sektorda problemlərin yaranmasına gətirib çıxaracaq”.
 
V.Bayramov deyir ki, əmanətlər üzrə faiz dərəcələrinin yüksək olması kredit faizlərinə təsir göstərir: “Əmanətlərin Sığortalanması Fondu 12 faizə qədər dividentlərin sığortalanmasını həyata keçirir. Xüsusən qlobal maliyyə böhranı ilə bağlı olaraq, yüksək faiz siyasətinin neqativ nəticələrə gətirib çıxaracağını nəzərə alaraq fondun faiz dərəcələrini aşağı endirməsi daha məqsədə uyğundur. Bütün hallarda 12 faizlə əmanətlər qəbul edən kommersiya banklarının aşağı faizlə kredit təklif etmək imkanları məhduddur.O baxımdan Əmanətlərin Sığortalanması Fondunun əmanətlər üzrə faiz dərəcələrinə redaktələr etməsinə, faizləri aşağı salmasına ehtiyac var. Buna uyğun olaraq kreditlər üzrə faizlər də endirilməlidir”.
Mütəxəssis bildirir ki, istər əmanətlər üzrə divident siyasətinə, istər uçot siyasətinə , istərsə də faiz siyasətinə yenidən baxılmalıdır: “Təəssüf ki, bəzi banklar qısa müddətdə daha çox gəlir əldə etməyə çalışırlar. Və yüksək faizlə kredit təklif edirlər. Bir sıra hallarda verilən kreditin müəyyən hissəsi “şabka “şəklində banklar tərəfindən saxlanılır”.

Kreditlərin geri qaytarılmasındakı problemlərə toxunan iqtisadçı deyir ki, verilən kreditin müəyyən hissəsi qeyri-rəsmi ödəniş kimi yenidən banka qaytarılırsa, həmin kreditin geri qaytarılma qabiliyyəti zəifləyir: “Bankların həm kredit, həm də faiz siyasətlərində dəyişikliklər edilməlidir. Onlar yüksək faizlə kredit verilişini davam etdirsələr, geri qaytarılmayan kreditlərin həcminin artması problemindən və bu sektorda yeni problemin yaranmasından qaça bilməyəcəklər”.

  • Yazılıb
  • da (də) 2010 Aug 28