cari ilin sentyabr ayında Türkiyə ilə Ermənistan arasında sərhədin açılacağı ehtimal olunur
Türkiyə Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, cari ilin sentyabr ayında Türkiyə ilə Ermənistan arasında sərhədin açılacağı ehtimal olunur. Bu barədə, diplomatik mənbələrə istinadən, informasiya vasitələri xəbər verirlər. Məlumatlara əsasən, sərhədin açılması üçün hazırlıq işlərin müddətini dəqiqləşdirmək məqsədilə Türkiyə Xarici İşlər Nazirliyi Qars vilayəti başçısına rəsmi müraciət göndərib.
Qərb və Türkiyə informasiya vasitələrinə istinadən, Ermənistan məlumat mənbələri xəbər verirlər ki, sərhədin müvəqqəti açılacağı ehtimalı adını bildirməyən türk diplomatı da təsdiqləyib. Bu, NATО-nun sentyabr ayında Ermənistan ərazisində keçiriləcək hərbi məşqlərlə bağlıdır.
Türkiyəli diplomat qadın Frans-Press agentliyinə deyib: “Biz sentyabrın 11-dən 17-nədək nəzərdə tutulan hərbi məşqlərdə iştirak edəcəyik. Və ehtiyac olarsa, sərhədi açmaq imkanlarını müzakirə edərik”.
О əlavə edib ki, NATО-nun zəlzələdən sonra fövqaladə hal ssenarı üzrə keçiriləcək hərbi məşqlər zamanı istifadə etmək üçün hökumət sərhəd kommunikasiyalarının nə vəziyyətdə olduğunu öyrənib.
Diplomatik mənbələr bildiriblər ki, bu, sərhədin rəsmi açılması olmayacaq. Buna yalnız humanitar yardım göstərmək üçün icazə verilə bilər. “Zaman” qəzeti Ankaranın bu məsələyə müsbət yanaşdığını bildirir. Adı açıqlanmayan diplomatın qəzetə dediyinə görə, Brüsseldə NATО-nun mənzil-qərargahında texniki məsələlər müzakirə olunan zaman, NATО rəsmiləri hərbi məşqlər üçün Türkiyə-Ermənistan sərhədini açmaq məsələsini qaldıranda, Türkiyə bunun lehinə olub.
Hərbi məşqlərdə NATО-nun üzvü və NATО-nun partnyoru olan ölkələrin mindən çox hərbçiləri iştirak edəcək. Hərbi məşqlər Ermənistanın Kotayk rayonunda keçiriləcək.
Hərbi məşqlərin başa çatmasından iki gün sonra, 2007-ci ildə Van gölündə yerləşən Axtamar adasında restavrasiya edilmiş Müqəddəs Xaç erməni kilsəsində 100 ildən bəri ilk dəfə ibadət keçiriləcək.
“Aran” İA