Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib ki, “Azərbaycanın BMT-də təqdim etdiyi qətnamənin qəbul ...
Ermənistan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib ki, “Azərbaycanın BMT-də təqdim etdiyi qətnamənin qəbul olunması, ya da olunmaması Ermənistanla Qarabağın siyasi, iqtisadi həyatına və təhlükəsizliyinə təsir göstərməyəcək”. Bu haqda “Armenia today” portalı məlumat yayıb. Sərkisyan qətnamə layihəsinə onlarla ölkənin, ilk növbədə İslam Konfransı Təşkilatında təmsil olunan və Azərbaycana yaxın dövlətlərin səs verəcəyini söyləyib: “Lakin mən əminəm ki, Qarabağ məsələsinin sülh yolu və danışıqlarla həllini istəyən bütün ölkələr ya qətnamənin əleyhinə səs verəcək, ya da bitərəf qalacaqlar. Çünki onların hamısı bu sənədin qəbulunun danışıqlar prosesinə müsbət təsir göstərməyəcəyini bilirlər”.
Erməni prezidentinin fikrincə, Azərbaycan kobud səhv buraxır: “Biz öz məqsədlərimizə çatmaq üçün bundan yararlanmalıyıq. Tərəfimizdən cavab addımları atılacaq və bu da bizi öz məqsədimizə yaxınlaşdıracaq. Biz istəyirik ki, nəinki Azərbaycan, digər ölkələr də geriyə yol olmadığını anlasınlar. Qarabağın Azərbaycanın tərkibinə qayıtması mümkün deyil”.
Xatırladaq ki, sentyabrın 9-da BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquq normaları və beynəlxalq standartlara riayət olunması” adlı qətnamə layihəsinin səsə qoyulacağı gözlənilir.
“Aran” İA