Tarix : 2010 Aug 31
Kod 18807

BİR ÖMÜRDƏN XEYİRLİ BİR GECƏ...

Qurani-Kərim dinimizin, əqidəmizin, dünyagörüşümüz və həyat tərzimizin ilahi qaynağıdır.
Beynalxalq Servisi/Aran Agentliyi
Qurani-Kərim dinimizin, əqidəmizin, dünyagörüşümüz və həyat tərzimizin ilahi qaynağıdır. Allah-Təala insanlara son ilahi vəhylər toplusu olan bu Kitabı mübarək Ramazan ayının gecələrindən birində - Qədr gecəsi nazil edib:
Rəhman və Rəhim olan Allahın adı ilə!
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!
Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi min aydan daha xeyirlidir!
O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır (əmin-amanlıqdır)! (Qurani-Kərim, Qədr surəsi).
Ramazan ayının günlərini-gecələrini bir-bir geridə qoyub, nəhayət Quranın nazil olduğu Qədr gecəsinə yetişirik. Allahın təbirilə desək, “min aydan daha xeyirli” bir gecəyə. Diqqət edin, min aydan daha üstün, daha faydalı bir gecə. Nədir min ay? Min ay 83 il deməkdir. Yəni kamil bir insan ömrü. Başqa sözlə, Quranın nazil olduğu, bu İlahi Kitabın həyatımıza girdiyi, ruhumuza hopduğu bir gecə bir insan ömründən daha xeyirlidir!
Bu gecə zülmət içərisində çaşqın həyat sürən bəşəriyyətin üzünə bir nur, bir işıq saçdı Quranın enişilə: “Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) endirdik” (surə 4, ayə 174). “Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin!” (surə 64, ayə 8).
Qaranlıqda insan çaşqındır. Hara gedəcəyini görmür, büdrəyir, ora-bura dəyir, yıxılır... Və birdən bu qaranlıq gecəyə qərq olmuş bəşəriyyət üçün bir nur açılır, işıq yanır. Onun nuru bu zülməti yarır. Qurana iman gətirənlərin, ona sarılanların qaranlıq qəlbində İlahi İşıq parlayır. Allaha imanla şölələnən sönməz bir işıq! Bununla insanın qarşısındakı yol aydınlaşır, artıq o, büdrəmir, ora-bura dəymir, yıxılmır. Artıq o, bu Kitabın nuruyla işıqlanan aydın yolun başında Allahını görür və Ona doğru yola çıxır. Bütün bunlar Quranın insana endiyi bu nurlu gecədən başlanır. Qiymətsiz, əvəzsiz, bənzərsiz bir gecədən!..
Rəvayətlərdə bildirildiyi kimi, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən birinə təsadüf edir. 18-dən 19-na keçən gecədən başlayaraq, ayın sonunadək imkan daxilində tək gecələri yatmayıb, ibadət içində keçirməyin olduqca böyük savabı, min aydan xeyirli ülviliyi var. Rəvayət edildiyi kimi, Qədr gecəsinin daha çox ehtimal olunduğu vaxt Ramazan ayının 19, 21 yaxud 23-cü gecəsidir. 27-ci gəcə olduğunu söyləyən rəvayətlər də var. Bunlar içində də ən çox ehtimal olunanı 23-cü gecədir. Hər halda, Allah bizləri bu gecənin hüdudsuz faydalarından bəhrələnənlərdən, bu gecəni bir ömürdən daha xeyirli keçirənlərdən və ömrümüzü bu gecənin nuru ilə işıqlandıranlardan qərar versin...
Mələklərlə bir arada...
Həmin gecə il boyu bircə dəfə əlimizə düşən əvəzsiz bir fürsətdir. Bu bir gecəni ibadətlə, duayla, xeyir-bərəkətlə keçirmək də min aydan daha xeyirlidir. Bu fürsəti əldən vermək olarmı? Bu gecəni yuxu ilə səhər etmək mümkünmü?..
Bu gecə “mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər” və bizlər onlarla bir arada olmaq imkanı qazanırıq. Qədr gecəsini mələklərlə, Ruhla birlikdə keçiririk. Etdiyimiz dualara “amin!” deyir mələklər. Allahın bütün qapıları üzümüzə açıqdır. Arxamıza baxıb, pis əməllərimizə görə peşman olmaq, onlardan çəkinmək, səmimi qəlbdən tövbə etmək, Allahdan bağışlanma diləmək üçün. İrəliyə baxıb, Allaha möhkəm sarılmaq, Onunla yaşamaq, iman yüksəlişilə saleh işlər görmək üçün... Allahla təkbətək görüşüb, bol-bol danışmaq, “dərdləşmək”, bütün istədiklərimizi Ondan diləmək, Onunla dostluq əlaqələri qurmaq üçün! Ona sığınıb, Ona yaxınlaşıb, Ona qərq olmaq üçün! Elə ona görədir ki, “o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır, əmin-amanlıqdır!”.
İbadətlə keçirilən gecə
Beləliklə də, Quranın nazil olduğu gecə bir mənəvi yüksəliş gecəsi olaraq Allaha xüsusi bir ibadətlə, dualarla keçirilir. Bu gecənin fəziləti məhz Quranın bu mübarək gecədə nazil olmasıyla bağlıdır. Bu isə bir daha Qurani-Kərimin nə qədər dəyərli, nə dərəcədə əhəmiyyətli olduğunu açıq şəkildə nümayiş etdirir.
Allahla insan arasında möhkəm bir bağ olan Quran Allahın adıyla başlayıb, insan sözü ilə bitir. Məhz insana endirilən bu Kitabda İlahi Təlimlər ən mükəmməl şəkildə açıqlanır.
“Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.” (surə 38, ayə 29).
Burada Allahı tanıma, ona yaxınlaşma qaydaları, varlıq aləmi və yaradılışın mahiyyəti, eyni zamanda insanın insanlıq mahiyyəti və üzərinə düşən vəzifələri, onun Allah, özü və digər insanlarla qarşılıqlı əlaqələrini tənzimləyən mükəmməl konsepsiyalar göstərilir. Ramazan ayında oruc tutmaqla insanda bütün bunlara yaxınlaşma baş verir. Bu konsepsiya onun həyatına hopur, doğmalaşır və ruhu tərəfindən mənimsənilir. Bununla da ibadətlə keçirilən ay bütövlükdə həyatamızı ibadətlə keçirmə alışqanlığı yaradır. Bu baxımdan, Ramazan ayında tutduğumuz oruc bizlər üçün bir təqva məktəbi rolunu oynayır. Onun vasitəsilə bizlər mənən saflaşır, pis işlərdən uzaqlaşır, saleh işlərə yönəlirik. Qədr gecəsi isə bu İlahi Məktəbin son sinifidir. Elə bir sinif ki, burada Müəllimlə şagirdin səmimi bir ünsiyyəti yaranır. Necə də xoşbəxtdirlər bu sinifdən bəhrələnib, kamilləşənlər! Müəllimlə sıx təmasda olub, Onun dərslərindən lazımi faydaları əxz edənlər. Və bu dərsləri əla qiymətlərlə başa vuranlar...
Allaha həmd olsun ki, bir daha bizlərə Qədr gecəsini bəxş edib, bu fürsəti əta etdi. Bizləri bir daha Özü ilə təkbətək ünsiyyətə dəvət etdi. Bu gecənin xeyir-bərəkətilə bir ömürü üstələmək üçün.
Allah-Təala bir qaranlıq gecəni Quran nuru ilə işıqlandırıb, münəvvər etdi. Zülmətə bürünmüş bəşəriyyəti aydınlığa çıxartmaq üçün. Bu gecə insan Quranla təmas vasitəsilə dünya və axirət səadətinə yönəlmə imkanları qazandı. Bu fürsəti qaçırmayaq, bu imkandan maksimum faydalanaq və Quran nuru ilə işıqlanan bu parlaq gecəni Quranla nuru ilə işıqlanan bir ömürə çevirək. Allah bu gecənin İlahi nurunu bir an belə qəlbimizdən, əməllərimizdən, bütövlükdə həyatımızdan əksik etməsin. Amin!..

Elşən Mustafaoğlu,
“Mənəvi Saflığa Dəvət” ictimai birliyi

  • Yazılıb
  • da (də) 2010 Aug 31