Tarix : 2010 Sep 01
Kod 18817

Azərbaycan prezidenti administrası qarşsında bir gündə üç sksiya

Ölkənin baş binasının qarşısına yığışan sel qaçqınları, Binəqədi sakinləri və narazı sahibkarlar hökumətin fəaliyyətsizliyindən təngə gəlib
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Prezident Administrasiyasının (PA) qarşısında üç müxtəlif etiraz aksiyası keçirilib. Əvvəlcə Sabirabaddan, daşqın zonasından olan 30-a yaxın sakin və Binəqədi rayonunda evləri sökülən 14 ailə dünən səhər saatlarında PA-nın binasının önünə toplaşıblar. Sonra isə onları ticarət obyektləri əllərindən alınan xırda sahibkarlar əvəzləyib. “Biz bura problemlərimizin həll olunmaması ilə bağlı narazılığımızı bildirməyə gəlmişik” - deyə adının çəkilməsini istəməyən Sabirabad sakinlərindən biri “Turan”ın müxbiri ilə söhbətində bildirib. Onun sözlərinə görə, yerli hakimiyyət orqanları daşqının nəticələrinin aradan qaldırılması üçün, demək olar ki, heç nə etmir, vaxt isə gedir və əhali arasında sosial gərginlik artır.
“Adamların yaşamağa, işləməyə yeri yoxdur. Onların heç gəlirləri də yoxdur. Bu vəziyyət bəs nə qədər davam edəcək?” - deyə hökumətin fəaliyyətsizliyindən təngə gələn Sabirabad sakinləri sual edir.
***
PA qarşısında etiraz aksiyası keçirən Binəqədi sakinləri də kompensasiya ödənilmədən evlərinin sökülməsindən narazılıqlarını bildiriblər. Xatırladaq ki, Binəqədidə 3500-ə yaxın sənədsiz şəxsi ev tikilib. Bu, 1995-96-cı illərdə baş verib. Belə ki, tikinti üçün rəsmi icazə olmasa da hər şey yerli icra hakimiyyəti nümayəndələrinin gözləri önündə baş verib. Adamlar dəyən zərərin ödənilməsini tələb edirlər. Sakinlərin sözlərinə görə, Binəqədi rayonundakı evlərin sakinləri əsasən Qarabağ ətrafındakı rayonlardan olan qaçqınlardır. Bir həftə əvvəl isə hakimiyyət həmin ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar evlərin və ərazidəki qəbiristanlığın söküləcəyini bildirib. Bu istiqamətdə artıq əməli işə keçilib və məzarlığın yarısı artıq köçürülüb. Növbə evlərin də söküntüsünə çatmaq üzrə olduğundan sakinlər ayağa qalxıb. Onlar hökumətdən söküləcək evlərinin əvəzində yeni ev və ya müvafiq kompensasiya tələb edir. Rəsmilər isə yalnız evinin sənədi olanlara kompensasiya və ya ev veriləcəyini deməklə alovun üstünə yağ tökürlər.
Dünən binəqədili şikayətçilərin PA qarşısındakı aksiyasına polis müdaxiləsi olmasa da etiraz edən narazı vətəndaşları ölkənin baş binasında qəbul edən də olmayıb. Sadəcə olaraq onları PA-dan Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) göndəriblər. Binəqədi RİH isə narazı sakinlərə cavab verməyə, onlara konkret bir söz deməyə tələsmir, suallardan yayınıb, necə deyərlər, “başının milçəyini qoruyur”. Sakinlər isə aksiyalarını hakimiyyətdən konkret cavab alana qədər davam etdirəcəklərini bildiriblər.
***
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun sahibi və prezidenti olduğu “ZQAN-Holdinq” şirkəti tərəfindən obyektləri əlindən alınmış bir qrup Qarabağ əlili, şəhid ailəsi və sahibkar da dünən PA-nın binası qarşısında aksiya keçirməyə cəhd edib. Amma PA-nın mühafizəçiləri buna imkan verməyib. Bu barədə “Yeni Müsavat”a sahibkar Qəzənfər Şabanov məlumat verib. Q.Şabanov əməkdaşımızla telefon söhbətində bildirib ki, onlara aksiya keçirməyə imkan verilməsə də yaxın günlərdə PA-nın məsul şəxsləri tərəfindən qəbul ediləcəklərinə dair vəd alıblar: “Prezident Administrasiyasında şikayətçilər çox olduğundan qəbula düşməyimiz sonraya qaldı. Məqsədimiz prezidentin köməkçisi Əli Əsədovla görüşməkdir”.
Q.Şabanov sözügedən məsələ ilə bağlı dünən YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət Həsənova ilə görüşdüklərini də dedi: “Görüş zamanı mağazalarımızın ”ZQAN-Holdinq"in rəhbərliyi tərəfindən ayrı-ayrı adamlara satıldığını dedik və obyektlərimizin sənədlərini deputata təqdim etdik. Məlahət xanım bu işdə bizə yardımçı olacağına söz verdi. Biz tapdanan hüquqlarımızın bərpası ilə əlaqədar YAP Nəsimi rayon təşkilatının qərargahında aclıq aksiyası keçirmək istədiyimizi də deputatın diqqətinə çatdırdıq".
Obyektlərinin geri qaytarılması tələbi ilə bu gün yenidən “ZQAN-Holdinq”in qarşısına yığışacaqlarını söyləyən Q.Şabanov şirkətin Nəsimi rayonu ərazisində yerləşən ofisi qarşısında etiraz tədbiri keçirəcəklərini də diqqətə çatdırdı: “Bu barədə polisə də məlumat vermişik. Biz şirkətdən obyektlərimizin geri qaytarılmasını tələb edəcəyik. Hansı ki, Nəqliyyat Nazirliyi təmirdən sonra keçiddəki obyektləri əvvəlki sahiblərinə qaytaracağına söz vermişdi”.
  • Yazılıb
  • da (də) 2010 Sep 01