Bəhram Sultanov: "Elmar Vəliyev mənim ailəmi və nəslimi təhdid altında saxlayır, uşaqlarım intihar həddinə çatıb"
Azərbaycan Servisi/Aran Agentliyi
Yevlax rayon sakini və sahibkar Bəhram Sultanov icra başçısı Yelmar Vəliyevdən şikayətçi düşüb. FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı müraciət edən sözügedən şəxs deyir ki, sahibkar olaraq mülkiyyət hüquqları dəfələrlə və davamlı olaraq icra başçısı tərəfindən pozulub.
Onun sözlərinə görə, bununla bağlı dəfələrlə dövlət başçısı İlham Əliyev və DİN rəhbəri Ramil Usubova müraciət edərək, onlardan yardım istəyib. Hazırda Yevlaxın icra başçısı tərəfindən törədilmiş əməllər nəticəsində acınacaqlı durumda olduğunu da qeyd edən B.Sultanov deyir ki, ailəsinin dolanışıq mənbəyi olan mülkiyyəti dağıdılıb. «Ailə üzvlərim, qohum-qardaş hər gün hədə-qorxu altında yaşamağa məcbur edilir, onlara qarşı iyrənc diskriminasiya həyata keçirilir. Övladlarım intihar həddinə çsatdırılıb və bütün bunlara görə, cavabdeh şəxs olan Elmar Vəliyev daha da aqressivləşərək, heç bir qayda-qanun tanımır».
Sultanov daha sonra bildirir ki, belə olan vəziyyətdə o, özünü heç cürə tamhüquqlu vətəndaş olaraq hiss etmir. «Əgər Elmar Vəliyev bütöv bir nəslə qarşı məhvetmə əməliyyatı aparırsa və ali səlahiyyət sahibləri ona «durr» demək əvəzinə, göz yumurlarsa, onda biz vətəndaşıq, yoxsa təbəə-qul?»
Yevlax sakini bildirir ki, rayonda Elmar Vəliyevin özbaşınalığı XIX-XX əsr İran Pəhləvi rejiminin zülmündən də betər vəziyyətə gətirib çıxarıb. Onun sözlərinə görə, icra başçısı küçəyə çıxanda hamı qaçıb gizlənməlidir. «Əks təqdirdə şərlənib «içəriyə» adıla bilər».
Bəhram Sultanov sonda onu da bildirib ki, əmlakının dağıdılması və vətəndaş hüquqlarının kobud şəkildə pozulması barədə ölkənin müxtəlif səlahiyyətli orqanlarının xəbəri var. «Ancaq indiyə kimi heç bir dövlət qurumu bu məsələ ilə maraqlanmayıb. Belə olan halda, mənim vətəndaşlıqdan imtina edərək, digər bir ölkənin vətəndaşlığını qəbul etməkdən başqa çarəm qalmayıb. Amma mən başa düşə bilmirəm ki, Elmar Vəliyevin şəxsi maraqları nəyə görə adi vətəndaşların hüquqlarından üstün tutulmalıdır».
Dövlət başçısı İlham Əliyevdən bu məsələ ilə bağlı yardım istəyən Yevlax sakini xahiş edir ki, hüquqlarının qorunması və haqqının geri verilməsində ona köməklik göstərilsin. «İnanıram ki, siz dövlət başçısı olaraq mənim kimi vətəndaşların hüquqlarının bərpası üçün lazım olan addımı atacaqsınız».