Azərbaycan Servisi/Aran Agentliyi
Böyük Britaniya parlamentinin Liberal Demokrat üzvü, Azərbaycan hakimiyyəti ilə əlaqələri olan Mayk Hankokun Rusiya kəşfiyyatı ilə əlaqələri araşdırılır. “Azadlıq” radiosu Britaniya mətbuatına istinadən xəbər verir ki, Hankokun AŞ PA-dakı həmkarları onun Rusiyayönlü fikirlərindən narahat olublar və Liberal Demokratların parlamentdəki lideri Çarlz Kennedini xəbərdar ediblər ki, partiya qalmaqalla üzləşə bilər. Ancaq Kennedi bu fikirləri vecinə almayıb.
Hankok parlamentdə Rusiya üzrə qrupun sədridir. “Sunday Times” qəzeti yazıb ki, Britaniya Təhlükəsizlik Xidməti (Mİ5) Hankokun rus köməkçisi Katya Zatuliveteri Rusiya kəşfiyyatı ilə mümkün əlaqələrə görə dindirib. İddialara görə, kəşfiyyat işçiləri 25 yaşlı Zatuliveterin şəxsi həyatı haqda da bəzi detallar barədə məlumatlı görünüblər. Bu o deməkdir ki, o, həmişə nəzarətdə olub. Ancaq idarənin sözçüsü Zatuliveter barədə sorğuya heç bir şərh verməyib.
Hankokun keçmiş həmkarları da deyirlər ki, onlar Hankokun AŞ PA-da debatlar vaxtı Kremlyönlü mövqeyinə görə tez-tez tənqid olunublar. Rusiya-Gürcüstan müharibəsində kimin müqəssir olmasına dair AŞ PA-da keçirilən 3 səsvermədə Hankok Rusiya nümayəndə heyəti ilə birlikdə səs verib. Onun adı Dumanın xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçevlə birlikdə çəkilib. Mayk Hankok Bakıda 2009-cu il referendumundan 12 gün əvvəl olub.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də Hankokla bağlı deyilənlərə “Facebook” sosial şəbəkəsində münasibət bildirib: "Qətiyyən təəccüblənmirəm. Mayk Hankok dəfələrlə Azərbaycanda seçki-müşahidə turizmi ilə məşğul olub. Onu ilk dəfə dinləyəndə düşündüm ki, bu salamat adam deyil. Avropadakı tərəfdaşlarımıza da demişəm ki, bu adamın liberal dəyərlərə aidiyyəti yoxdur. Bir fikrimi də bölüşmək istəyirəm: Azərbaycandakı seçki saxtakarlıqlarına göz yuman, bəraət qazandıran, Əliyev rejiminə dəstək olan avropalıların əksəriyyətini araşdırsan oxşar situasiya ilə qarşılaşacaqsan. Biz bu faktlara qarşı daha diqqətli olmalı, bu cür adamları Avropanın özündə ifşa etməliyik"./Yeni Müsavat