Tarix : 2010 Sep 04
Kod 18831

Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib

sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bu haqda dövlət informasiya mənbələri məlumat yayıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İinformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bu haqda dövlət informasiya mənbələri məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı təntənəli mərasimdə nitq söyləyib. Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının yaradılması münasibətilə təbriklərini çatdırıb. Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlətimizin başçısı dedi ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaqdır. Prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcəkdir. Bildirilir ki, rəsmi mərasimdə prezident İlham Əliyev bayrağı açıb və Azərbaycan Respublikasının dövlət himni səslənib. Toplardan yaylım atəşi açılıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Dövlət Bayrağı Meydanından keçib. Daha sonra dövlət bayrağının ucaldılması şərəfinə Bakı səmasında lazer-şou nümayiş olunub. Xatırladaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. İndən belə hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
 
“Aran” İA              
  • Yazılıb
  • da (də) 2010 Sep 04