Azərbaycanın ən məşhur özəl universitetlərindən biri – “Azərbaycan Beynəlxalq Universiteti” bağlanıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İinformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycanın ən məşhur özəl universitetlərindən biri – “Azərbaycan Beynəlxalq Universiteti” bağlanıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 1-də təhsil naziriMisir Mərdanov ABU-nun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb.
Əmrdə qeyd olunur ki, ABU 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.
Cari ilin iyul ayının 8-də ABU-nun fəaliyyətinə verilmiş lisenziyanın müddəti bitdiyi üçün bu məsələyə yenidən baxilması, eləcə də, bu ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə Ekspert qrupu yaradılıb. Ekspert qrupu ali məktəbin maddi-texniki bazası ilə tanış olmaqla, universitet rəhbərliyinin və Təhsil Nazirliyinin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə araşdırma aparıb.
Araşdırma zamanı məlum olub ki, 2005-ci illə müqayisədə ABU-nun maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib. Ekspert qrupunun hazırladığı arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. İclasda universitetin ali kollegial idarəetmə orqanı olan Elmi Şurasının imkanlarından istifadə edilmədiyi, ali məktəbin strukturuna daxil olan fakültələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssis hazırlayan kafedralarda zəruri avadanlıqla təchiz edilmiş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil edilmədiyi, müəllimlərin dərs bölgüsündə müvafiq qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, tədris planlarında bir sıra fənlərin tədrisinə ayrılan saatların normativlərdən az olduğu və ya ümumiyyətlə tədris olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, bəzən dəyişdirildiyi və müəllimlərin imzalarının saxtalaşdırıldığı, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingentinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birləşmələrin təşkilində ciddi pozuntulara yol verildiyi, universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğu, universitetin Moskva filialının fəaliyyətinin mövcud normativ sənədlərə uyğun təşkil olunmadığı qeyd edilib.
Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq lisenziya müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
“Aran” İA